22 May 2012      
RU

Misir Mərdanov: “Müəllimlərin maaşı 600-700 manat olmalıdır”

Bazar ertəsi, 12 İyul 2010
Çap PDF faylını al


Azərbaycanın təhsil naziri Misir Mərdanovun Lent.az-a müsahibəsi

- Orta məktəblərdə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləndən sonra attestat problemi daha qabarıq görünür. Adamlar hamısı istəyir ki, onların orta təhsil haqqında sənədi olsun. Attestat orta məktəbi bitirənlər üçün bu qədərmi vacibdir?

- Ən vacibi odur ki, insanların biliyi və bacarığı olsun. Attestat orta təhsil haqqında bir sənəddir, amma insanlara sənəddən daha çox bilik və bacarıq lazımdır. Təəssüf ki, uzun illərdir bizim cəmiyyətimizdə insanlar bilik və bacarıqdan daha çox sənəd almağa adət eləyiblər. İlk dəfə mərkəzləşdirilmiş imtahanlar keçiriləndən sonra Təhsil Nazirliyinin qarşısında nələrin baş verdiyini yəqin xatırlayırsınız. Hətta o vaxt məcbur olduq ki, imtahanlardan kəsilənlərə güzəşt edək. Ancaq ötən ilin və bu ilin nəticələri, valideynlərin, ayrı-ayrı adamların rəyləri göstərir ki, bizim tutduğumuz bu istiqamət düzgündür. İnsanlar get-gedə başa düşür ki, imtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsi övladlarımızın, dövlətimizin və millətimizin gələcəyi üçün atılan addımdır. Artıq demək olar ki, hər yerdə məsuliyyət hissi artır, şagirdlər imtahana daha yaxşı hazırlaşır, müəllimlər məsuliyyət daşırır ki, onun şagirdi attestat, yaxud da şəhadətnamə almasa ona nə deyərlər?! Valideynlər arasında müsbət mənada yarış gedir ki, niyə başqasının övladı yüksək qiymət alsın, onunku yox?! Bu baxımdan buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinin müsbət cəhətləri çoxdur. Ancaq təəssüf ki, hələ də hamı bu işi olduğu kimi dərk edə bilmir. Yenə də çoxsaylı ərizələr, şikayətlər, tənqidlər, təhqirlər görürük. Yaxşı haldır ki, belələrinin sayı azalır. Lakin o pisdir ki, hələ də belələri var. Biz isə işimizi israrla davam edəcəyik. İctimaiyyət, valideynlər dərk etməlidir ki, biz qoyulmuş o qədər də çətin olmayan sualların yalnız 20 faizinə düzgün cavab verən şagirdlərə attestat veririk. Qoy, məni düzgün anlasınlar, sualların cəmi 20 faizinə düzgün cavab verə bilməyən insan hara gedə bilər?! Ona görə də biz bu işimizi davam etdirəcəyik. Eyni zamanda biz bu il bir addım da atdıq, test kitabçalarını əvvəlcədən çap elədik və yaydıq. Üstəlik elan etdik ki, buraxılış imtahanlarına yalnız bu kitabçada olan suallar düşəcək. Əvvəlki illərdə sualların tədris proqramında olmaması, sualların çətinliyi, yaxud da testlərin içərisində səhvlərin olması kimi problemlərə bu il rast gəlinmədi. İmtahanlarda bizə problem yaradan məsələlərdən biri də telefonlardan istifadədir. Amma bu da getdikcə azalır. Ömrü boyu təhsil sahəsində çalışan bir insan kimi deyə bilərəm ki, buraxılış siniflərdə imtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılması Azərbaycan xalqının işıqlı gələcəyinə doğru atılmış bir addımdır. Mən istəyərdim ki, cəmiyyətdə bu addıma yetərli dəstək olsun. 

- Biliyin qiymətləndirilməsinin yeni üsulu özünü doğruldurmu?

- Əvvəla onu deyim ki, biz son illərdə ümumiyyətlə, təhsildə qiymətləndirmə anlayışını dəyişməyə çalışırıq. Yəni yeni qiymətləndirmə siyasəti həyata keçiririk. Bu barədə dövlətin bir neçə davamlı qərarları olub. Biz təkcə buraxılış imtahanlarının deyil, ümumiyyətlə, sovet dövründən fərqli olaraq, bura dərslik və proqramların qiymətləndirilməsini, məktəblərin və müəllimlərin qiymətləndirilməsini və bütövlükdə təhsilin qiymətləndirilməsini aid edirik. Yəni indi təhsildə qiymətləndirmə bu sahəyə aidiyyəti olan hər kəsə və hər şeyə şamil olunur. Mən deyə bilmərəm ki, bu cür hərtərəfli qiymətləndirmə bütün məktəblərdə bərqərar olub. Xeyr! Bunun üçün yəqin ki, uzun illər lazım olacaq. Ancaq hər halda, bu iş Azərbaycanda başlayıb, biz təhsildə beynəlxalq qiymətləndirməyə gedirik, gedəcəyik də. Məncə, bu, bütövlükdə təhsilimizin keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatmasına şərait yaradacaq. 

- İndi məzunların neçə faizi ali təhsil almaq qabiliyyətinə malikdir?

- Mənə elə gəlir ki, bizim məzunların 20-25, ən uzağı 30 faizə qədəri bilik və bacarığına görə ali təhsil almaq qabiliyyətinə malikdir. Bu, reallıqdır. 

- Son illər təhsillə bağlı bir neçə iri dövlət proqramları hazırlanıb. Bunlardan biri peşə təhsilinin inkişafını nəzərdə tutur. Bu, ali təhsil almaq imkanı olmayanlar üçün əlavə bir qapı açır. Bu proqramın daha təkmil formada icrası üçün yaxın gələcəkdə nələr nəzərdə tutulur?

- Biz nəzərdə tuturuq ki, respublikanın bütün peşə məktəblərində sözün həqiqi mənasında həm maddi-texniki baza, həm kadr, həm də məzmun baxımından ciddi yenidənqurma işləri aparmaq lazımdır. Bütün bunlar cənab prezidentin təsdiq etdiyi proqramda əksini tapıb. Ancaq təəssüf ki, orada nəzərdə tutulanların hamısını həyata keçirə bilməmişik. Bu isə əsasən, maliyyə vəsaitinin olmaması ilə bağlıdır. Ötən il bütün dünyada olduğu kimi, Azərbaycanda da maliyyə problemi müəyyən qədər özünü göstərdi. O cümlədən bu sahəyə ayrılan vəsait bizi qane eləmədi. Təəssüf ki, gələn ilin büdcəsində də peşə təhsilinin inkişafına ciddi maliyyə vəsaiti ayrılmayıb. Ancaq düşünürəm ki, yaxın gələcəkdə bu sahəni inkişaf etdirə biləcəyik. 

- Hazırda bu istiqamətdə hansı işlər görülür?

- Onu deyib ki, beynəlxalq təşkilatlar da bu işdə çox maraqlıdır. Biz artıq 4 ilə yaxındır ki, Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə birgə iş aparırıq. Bu şirkət Azərbaycanda bu sahəni inkişaf etdirmək və Bakı şəhərində Peşə təlimi Mərkəzi yaratmaq üçün kredit ayırmaq fikrindədir. Uzun illərdir biz bu istiqamətdə müxtəlif dövlət təşkilatları ilə iş aparırıq. Məsələn, adını çəkdim şirkəti ilə danışıqların son mərhələsinə artıq yaxınlaşmışıq. Ancaq çox təəssüf ki, proses bu qədər uzandı. Mənə elə gəlir ki, belə bir mərkəzi qura bilsək, peşə təhsilinin bugünkü problemlərinin çoxunu həll edə bilərik. Ancaq sevindirici haldır ki, iki il əvvəl Qəbələdə müasir tələblərə cavab verən Peşə təlimi mərkəzi yaratdıq. Bu il oranı 70 məzun bitirib və hamısı yüksək maaşla müxtəlif təşkilatlarda işə qəbul olunub. Avropa Komissiyasının bizimlə birgə hazırladığı proqram çərçivəsində sentyabr ayında İsmayıllıda yeni peşə məktəbi açacağıq. Yəni biz müxtəlif vasitələrdən və imkanlardan istifadə edərək, Azərbaycanda peşə təhsilini inkişaf etdirməyə çalışırıq. İndi Azərbaycanda il ərzində orta məktəbləri 115-120 min məzun bitirir. Mən istəyərdim ki, bu məzunların 40-50 faizi peşə məktəblərinə getsinlər. Onlar bu məktəblərdə ölkəmiz və millətimiz üçün lazım olan ixtisaslara yiyələnə bilərlər. Bəlkə də bəziləri bunu başa düşmür, Azərbaycanda ayrı-ayrı peşələr üzrə peşəkar mütəxəssislərə çox böyük ehtiyac var. Bu gün Azərbaycanda çoxlu sayda restoranlar, ictimai iaşə xidmətləri var və orada çalışanların əksəriyyəti bu sahədə biliyi-bacarığı olmayan adamlardır. Ona görə də bizim ölkədə turizm lazımi səviyyədə inkişaf etmir, orada xidmət zəifdir. Mənə elə gəlir ki, artıq zaman gəlib, hökumət qərar qəbul etməlidir ki, bu tip xidmət sahələrində çalışan adamların hökmən müvafiq sənədləri olmalıdır. Belə müəssisə və obyektlərdə çalışan adamlar zaman-zaman ixtisasartırma kursları keçməlidirlər, müasir bilik və bacarıqlara yiyələnməlidirlər. Yəni hər adam turistin ehtiyaclarını ödəyə, səviyyəli xidmət göstərə bilməz. Bunun üçün müasir bilik və bacarıq lazımdır. Bunu isə peşə müəssisələrində hazırlanan kadrlar eləyə bilər. 

- Qarşıdakı 5-6 ildə təhsildə hansı ciddi yenilikləri gözləyirsiniz?

- Yeni dərs ilində orta məktəblərdə milli kurrikulumun tətbiqinin 2 ili tamam olacaq. 1 və 2-ci sinifdə biz bunu artıq başa vurduq, 3-cü sinfə başladıq. Deməli, 5-6 ildən sonra bu uşaqlar 9-10-cu siniflərdə oxuyacaqlar. Mən şəxsən əminəm ki, 5-6 ildən sonra Azərbaycanın ümumi orta təhsili indikindən xeyli yüksək səviyyədə olacaq. Həm təhsilin məzmununda, təhsil alanların və təhsil verənlərin, ümumiyyətlə, məktəblərin və proqramların qiymətləndirilməsində ciddi dəyişiklik olacaq. Orta məktəblər şagirdlərinin səviyyəsi yüksəldikcə ali təhsilin də səviyyəsi yüksələcək. Mənim nəvələrimdən biri birinci sinfi qurtarıb, televizoru göstərib deyir ki, bizim televizorumuz düzbucaqlıdır. Deyirəm ki, düzbucaqlı nəyə deyilir? İzah eləyir. Bəs, kvadrat? Onu da izah eləyir. Yəni bu gün Azərbaycanın birinci sinfini bitirmiş şagirdi keçmişdə bizim beşinci-altıncı sinifdə öyrəndiyini bilir. Biz bununla fəxr etməliyik. Amma bəzi qəzetlərdə, mətbuat orqanlarında yazırlar ki, Azərbaycanda təhsilin səviyyəsi belədir, elədir. Mən bunların heç biri ilə razı deyiləm. Əlbəttə, hər dövrün özünün qayda-qanunu və həqiqətləri var. Mən hesab edirəm ki, Azərbaycanın bu dövrü inkişaf dövrüdür. Bütün dünyada da etiraf edirlər ki, Azərbaycan inkişaf edir. Bəs, Azərbaycanı kim inkişaf etdirir? – azərbaycanlılar. Bəs, azərbaycanlılar harada yetişirlər? – Azərbaycanın məktəblərində. Bu, Misir Mərdanovun məktəbi deyil, Azərbaycan xalqının məktəbidir. Burada olan nöqsanlar da təkcə Misir Mərdanova yox, hamıya aid olan nöqsanlardır. Həmçinin irəliləyişlər də bütün millətimizə aiddir. Ona görə də birmənalı şəkildə demək ki, Azərbaycan təhsili geridə qalır və sair – mən heç vaxt bununla razı olmamışam və olmaram da. Təhsilimiz durmadan inkişafdadır, çünki cəmiyyətimiz də onunla bərabər inkişaf edir. Ən vacibi odur ki, bu gün Azərbaycan artıq elmlə idarə olunur. Təkcə təhsil sahəsində 20-dən artıq dövlət proqramı var. Bunların hamısını mütəxəssislər hazırlayıb. 

- Bu proqramların hamısı indi icra olunur?

- Bəli, bu gün o proqramların hər biri icra olunur və hər ilin sonunda biz müvafiq dövlət strukturlarında hesabatlar veririk. Həmin hesabatlarda proqramların icra vəziyyəti, nəyi edə bilməmişik, niyə etməmişik, onları edə bilmək üçün nələr lazımdır? – bunların hamısı barədə müfəssəl məlumatlar veririk, təkliflər irəli sürürük. Çünki gələn ilin dövlət büdcəsində proqram çərçivəsində görüləcək işlər nəzərə alınır. Mən özüm hər gün bu proqramlardakı axsamalar, onların aradan qaldırılması yolları barədə araşdırmalar aparıram. Bu gün Təhsil Nazirliyində çox stabil və düşünən, öz işini bilən insanlardan ibarət bir komanda yaradılıb. Nazirliyin aparatında çalışanların böyük əksəriyyətinin elmi adları və dərəcələri var, onların hərəsi öz peşəsinin sahibidir. Mən şəxsən fəxr edirəm ki, belə bir dövrdə Azərbaycan təhsilinə rəhbərlik edirəm. 

- Təhsilə nə qədər sərmayə qoyulsa, sizin arzuladığınız səviyyəyə çatmaq olar?

- İndi rəqəm söyləməkdə çətinlik çəkirəm. Hesablamaq olar, ancaq indi bu suala dəqiq cavab verməyə hazır deyiləm. Mənə elə gəlir ki, bu gün Azərbaycan şəraitində orta məktəblərdə işləyən müəllimlərin aylıq maaşı təxminən 600-700 manat səviyyəsində olmalıdır. Həmçinin müəllimlərə dövlət qulluqçusu statusu verilməlidir və bu, mənim arzularımdan biridir. Müəllimlərin bir hissəsi yaşlıdır və pensiyaya çıxmaq istəmirlər. Çünki pensiyaya çıxan müəllimlər aşağı məbləğdə pensiya alır. Ən ciddi məsələlərdən biri bu gün də mövcud olan 600-ə yaxın məktəbin pis vəziyyətdə olmasıdır. Bu məktəblərin hamısı yenidən tikilməli və ya əsaslı təmir olunmalıdır. Hətta bu gün Bakı şəhərində əsaslı təmirə ehtiyacı olan çoxlu sayda məktəblər var. Təsəvvür eləyin, təkcə 600 məktəbin yenidən tikilməsi nə qədər vəsait tələb edir. Mən inanmıram ki, dövlətimiz nə qədər varlı, imkanlı olsa da, bu işlərin hamısını dövlət özü görə bilə. Ona görə də imkanlı adamlar, sahibkarlar bu işə dəstək verməlidir. Ölkəmizdə onlarla, yüzlərlə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilər olmasını arzulayardıq. Ən əsası, Azərbaycan müəllimlərinin X qurultayında Heydər Əliyevin müraciətindən sonra xeyli adamlar bu şeyləri elədilər. Ən vacib məsələlərdən biri odur ki, dövlətin qayda-qanunlarda da təhsilə qoyulan sərmayələr üçün güzəştlər olmalıdır. Təəssüf ki, bu gün bu şeylər bizdə yoxdur. Xarici ölkələrdə belə təcrübələr geniş yayılıb. Məsələn, biri məktəb tikirsə, yaxud müəllimə əlavə əməkhaqqı verirsə, ona müəyyən güzəştlər tətbiq olmalıdır. Yəni təhsilin səviyyəsini bizim arzuladığımız həddə qaldırılması üçün bu tipli addımlar atılmalı, çox böyük miqdarda vəsait ayrılmalıdır.

- Prezidentlə, yaxud da mərhum Heydər Əliyevlə qeyri-rəsmi söhbətlərdə bu məsələləri qaldırmısınızmı?

- Dəfələrlə demişəm və hər dəfə hər ikisindən dəstək almışam və bu dəstəyi indi də görürəm. Təsəvvür eləyin ki, bir ildə 250 milyon manat investisiya ayrıldı və 400-ə yaxın məktəb tikildi. Nəzərə alın ki, başqa sahələr də inkişaf etməlidir, ora da vəsait qoyulmalıdır. Bu baxımdan, indiki vəziyyətdə təhsilə qoyulan sərmayəni qaneedici saymaq olar. 

- Təhsilin ümummilli məsələ olduğunu nəzərə alaraq, sahibkarları bir yerə yığıb onları bu tip məsələlərin həllində iştiraka çağırmaq olarmı?

- Bir neçə dəfə deyilib. Ancaq mənə belə gəlir ki, belə çağırışları daha ciddi şəkildə səsləndirmək daha yaxşı olardı.



Baxış sayı: 1315

ARXIV

< İyul 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%