Arzu Hüseynova: “İdman insan orqanizminə müsbət stressdir”
Şənbə, 03 İyul 2010
![]() HÜSEYNOVA ARZU Ağaqulu qızı 1985-ci illərdə ADTU-nin I müalicə profilaktika fakültəsini bitirmişdir. 1986- cı ildə terapiya ixtisası üzrə internatura keçmişdir. Dəfələrlə narkologiya və psixoterapiya ixtisasları üzrə ixtisaslaşma və təkmilləşmə kurslarında olmuşdur. Bu ixtisasda uzun müddət işlədikdən sonra narkoloji xəstəliklərin fəsadı olan hepatitlər (bütün formaları), qastroentoroloji problemlər, asılılıq yaradan xəstəliklərin törətdiyi digər ağırlaşmalar və somatik xəstəliklərin müalicəsi və profilaktikası ilə məşğul olur. Hazırda 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərən “Biomed spektr” tibb mərkəzində baş həkimin müavini vəzifəsində çalışır.
-Gəlin, ondan başlayaq ki, idman Sizin üçün nədir və ümumiyyətlə, Sizin idmana münasibətiniz necədir?
- Bilirsiniz, idman bugünkü həyatımızın ayrılmaz hissəsi olmalıdır. Bəlkə də bu gün biz həyat ritmində belə yaşamasaydıq, idmanın həyatımizda bu qədər dəyərli olduğunu hiss etməzdik. Bugünkü hipodinamiya (hərəkətsizlik) şəraitində texnikanın, avtomaşınların olduğu şəraitdə, ekoloji problemlərin olduğu şəraitdə “İdman zəruridir” desəm, yanılmaram. İdman insan orqanizmində elə möcüzələr yaradır ki,hətta heç bir həkim bunu həyata keçirdə bilməz. İdman böyük amildir. İdman insan orqanizminə müsbət stressdir.
Yəqin ki, oxucularımız televiziya kanallarını izləyirlər. Dəfələrlə stress haqqında söhbətlər edirəm. Stress, ümumiyyətlə, mənası “ qıcıq” deməkdir. Fransız fizioloqu Hans Selye deyirdi ki, stress qıcıqdır. Qıcıq iki cür olur: müsbət və mənfi qıcıq. Gəlin, bu gün müsbət qıcıqdan danışaq. Stress orqanizmin hər hansı bir xarici qıcığa qarşı reaksiyasıdır. Və o orqanizmi xəstəliyə gətirib çıxardır, ya da əksinə, orqanizmə xoş təsir göstərir və insanda xoş əhval - ruhiyyə yaradır. İdman edərkən bizim orqanizm müsbət stress alır. Yəni müsbət qıcıq alır. Daha aydın desək, insan orqanizminin yatmış hissələrini oyadır.
Gəlin, elementar bir məqama fikir verək. Bir yerdə oturanda, istər-istəməz nə qədər sağlam olsaq da, vəziyyətimizi dəyişməyə çalışırıq. Biz passiv surətdə yerimizdə idman edirik. Yəni ki, necə oturmuşuqsa, eləcə qalmırıq. Yerimizi dəyişib, başqa yerdə otururuq, yatanda o biri üzümüzə çevrilirik və s. Bu da hardasa idmanın passiv formasıdır. Bu gün yemək kimi, hava, su kimi idmanı həyatımızın bir hissəsi hesab etməliyik. İdman var, olmalıdır və vacibdir.
-Sizcə idman insanın həyatında hansı dəyişiklik edə bilər? Məsələn, idman şəxsi həyatda çətinlik törədə bilərmi?
-Bilirsiniz, kimsə idmanı əyləncə, digəri idmanı həyat tərzi, başqasısa müalicə kimi qəbul edə bilər. Yəni bu, insanın və subyektin idmana olan münasibətindən asılıdır. İdmanın insan tərəfindən hansı formada dərk olunması insanın özündən asılıdır. Bəli, ailədə, məişətdə problem yarada bilər. “Nə üçün idmana gedirsən?”, yaxud “İdmana getmə, otur filan işi gör”, - kimi söz - söhbətlər yarana bilər. Sağlamlıqla da əlaqəli ola bilər. İnsan sağlamlığının hansısa bir mərhələsində qeyri - göstəriş ola bilər, çətinlik törətməsi mümkündür. Biz nisbilik anlayışını qəbul etmişik. Yəni ola bilər.
-Razıyam ki, idman həm sağlam bədən, həm də sağlam ruh deməkdir. Amma bir məsələ də var ki, idmançı heç də həmişə mübarizə meydanını qələbə ilə tərk etmir. Ən azı iki yarışanın biri məğlub olur. Məğlubiyyəti yaşamağa idman və onun fəlsəfəsi necə kömək edir?
- Biz, ümumiyyətlə, həyatımızı idmansız təsəvvür edə bilmirik. Yəni idmandır, hər hansı bir sağlamlıq prosedurasıdır. Onun iki tərəfi var: müsbət və mənfi. Bəli, həmin oyunda biri udur və o biri uduzur. Yəni bu qanunu biz qoymamışıq ki, biz də ləğv edək. Yəni bu gün uduzan idmançı, özünü sabah qalib kimi də görə bilər. Bəlkə də bu onun gələcəkdə hansısa qələbəni qazanması üçün stimul ola bilər. Mən sizə psixoloji-nöqteyi nəzərdən qarşılaşdığım bir faktı deyim. İki idmançı biri məğlubdur, o biri qalibdir. Qalib bir dəfə qalib oldu və bu qalibiyyətdən onda baş gicəllənməsi baş verdi. Və o hər işdə gerilədi.
-Ulduz xəstəliyinə tutuldu...
- Bəli, ulduz xəstəliyi idmançılarda daha çox olur. Amma o biri məğlub olan tanıdığım idmançı qələbə qazanmaq üçün qarşısına məqsəd qoydu. Üç dəfə qalibiyyət əldə etdi. Bəlkə o da həmin idmançı kimi uğur qazansaydı, başqa problemlə üz-üzə qalardı. Bu məğlubiyyət onu depressiyaya, özünə inamsızlığa yox, yeni bir uğurun qapısını açmağa inam yaratdı.
-Deməli, burada idmanın fəlsəfəsi deyil, idmanın özü məğlub olana kömək etdi...
-Bəli, idman fəlsəfəsi genişdir. Hər kəs idmana öz nöqteyi-nəzərindən baxır. Məsələn, biz qanun qoya bilərikmi ki, “sən filan metrdən tullanmalısan, filan metrdən qaçmalısan, çəkin filan qədər olmalıdır”. Amma orada elə yazılmayan qanunlar var ki, o bizdən asılı deyil.
-İdmançıların xarakterindəki o mübarizlik, o sərtlik onun şəxsi həyatında, əzizləri ilə, məsələn, həyat yoldaşı ilə münasibətlərinə xələl gətirməz ki?
- Burada elə paradokslar var ki! Məsələn, mən işimlə əlaqədar müxtəlif sənət və peşə adamları ilə görüşürəm. İdmançılarla da rastlaşmışam. Onların elə yumuşaq xarakteri olur ki! Məsələn mənim bu yaxınlarda pasientlərim oldu. 4 – 5 qardaş hamısı idmanın ağır atletika növü ilə məşğul olurdular. Onların biri mənə müraciət etdi. Onlar bizdən çox uzaqda yaşadıqlarından, klinikamıza arada gəlib-gedirdilər. Sonradan yanıma ailəvi gəlirdilər. Və mən onların şəxsən özündən də, həyat yoldaşlarından da söruşurdum ki, onların xasiyyəti necədir? ( gülərək) Hətta özüm zarafatla soruşurdum ki, hirslənəndə heç həyat yoldaşına əl-qol atırsanmı? Deyirdi ki, çalışıram heç çırtma da vurmayım və sakitcə problemi qaydasına qoyum. (gülür) . Əslində elə onun çırtması bəs edir. Xanımlarından da ayrıca bu barədə soruşdum. Onlar deyirdilər ki, həyat yoldaşının çox mülayim xasiyyəti var. Bilirsiniz, idman bunlar üçün bir növ həm də işdir.
- Bəlkə bu ağır idman növü ilə məşğul olduqlarına görədir ki, içlərində olan o mənfi emosiyanı, mənfi hissləri idman zamanı atırlar. Əslində hər kəsin içində o mənfi emossiyalardan var və hər kəs onu xaricə müxtəlif cür atır.
-Tədii, o da var. Biz tam dəyişə bilmirik. Məsələn, müxtəlif peşə adamlarından götürək. Hüquqşünaslardır, mühəndislərdir, idarə rəhbərləridir və sair peşə adamlarını götürək. Onlar peşələrindən asılı olaraq, işdə nə qədər sərtdirlərsə, evdə başqa cürdürlər. Amma həkimlər evdə necə həlimdirlərsə, işdə də elə olmalıdırlar. Axı, biz xəstələrlə ailə üzvü kimi oluruq. Yəni müxtəlif yerlərə gedəndə idmançılar getdikləri yerə qələbə üçün gedirlər, müharıbə aparmağa yox. Güc də, daxildə olan potensial da oraya ancaq qələbə qazanmaq üçün yönəldilir. Yəni ən ağır idman növündən asılı olmayaraq, hər kəsin içində bir həlim insan xarakteri dayanır.
-İdmanda yaş təcrübə verdiyi qədər, yaşlandıqca güc tükənir. Qələbə şansı həm də azalır. Bəs, idmandan nə vaxt ayrılmaq lazımdır ki, məğlub getməyəsən? Və bu fərqli həyat dəyişəndə onlar unudulmaq qorxusu ilə üz-üzə qalanda, depressiya və s. ilə ömür sürməsinlər.
-O sözü mən demək istəyirdim. Amma siz sualınızla mənim demək istədiklərimi dediniz. Bu nədən asılıdır? İdmançının idmandan sonrakı həyat tərzindən. Əvvəla idmanla məşğul oldun, gərək onu atmayasan. Həmişə məşğul olasan. Heç olmasa o sahəyə bağlanasan. Ya məşqçi, ya həvəskar, ya da nəsə bu sahəyə bağlanmaq üçün yollar axtarasan. İdman sevmir ki, onunla məşğul olub sonra onu atasan. Ümumiyyətlə, bütün peşələr belədir. İnsan artıq hiss edəndə ki, o olduğu yerdə yaramır və burada artıqdır, o zaman cinsindən asılı olmayaraq, onun daxilində boşluq əmələ gəlir. Ona görə də bu çox çətin keçilən prossesdir. İdmançılarda bu məqam daha da həssas keçir. Yəni hər şey hamının gözü və bildiyi yerdə və bildiyi vaxtda baş verir. Yəni yaş o yaş kateqoriyasına çatıbsa, deməli, getməlisən. İdmançılara məsləhətim bu ola bilərdi ki, o boşluğu doldurmağa çalışsınlar.
Çox hallarda idmandan gedərkən idmançılarımızın adət etmədikləri həyat tərzi ilə yaşamaq, məsələn yemək-içmək, idmanı tamamilə atmaq onların həm psixikasında, həm də sağlamlığında problemlər yaradır. Deməli, idmandan gedən idmançılara görə, idmanı onların əlindən alıblar. Əslində bu, belə deyil. İdmanı yox, işlərini əlindən alıblar. Qoy onlar idmandan maksimum dərəcədə idmanla məşğul olsunlar. Uzağa niyə gedirsiniz? Məhşur futbolçu Anatoliy Banişevskini yadınıza salın. O niyə pankreativ oldu? Neftçi komandasına yeganə olaraq, bürünc medalı o gətirib. Amma sonra necə oldu?! İdmandan getdikdən sonra həyatı tamamilə dəyişdi. İnandırıram ki, idmançılarımız düzgün həyat tərzi keçirsələr, 95 faiz xəstəliklərin-depresiyaların, insultların, ürək-damar xəstəliklərinin, infaktların, pankretivlərin, bir çox xəstəliklərin qarşısını almaq mümkün olar.
-Yəni futbol kollektiv oyun və kollektiv qələbə deməkdir. Sizcə kollektivdə konkret olaraq futbol komandasında sağlam abu-hava olması üçün hansı şərtlər vacibdir?
- Hamı bir məqsədə yönəlməlidir. Daxili çəkişmələr, intriqalar istənilən yerlərdə fəsadlar törədə bilir. İçəridə əgər sağlam ruh olmasa, mənə elə gəlir ki, qələbədən söhbət gedə bilməz. Baxın, komandada olan 11 nəfərin hamısı qol vurmur ki?! Bunların hamısının komandada öz yeri, öz oyunu var. Kimi müdafiəçidir, kimi hücumçudur, kimi qapıçıdır və s. Yəni ətrafda oynayan futbolçular qol vurana qol şəraitini yaratmasalar, qol vuran qolu vura bilərmi? Futbolçu fikirləşməməlidir ki, qoy o topu özüm vurum. Və ya fikirləşməməlidir ki, o topu mən vurdum. Fikirləşməlidir ki, qapıdan keçən top bizim qələbəmizdir. İnandırıram ki, o zaman komandanın yaşı hətta yüzə də çata bilər.
-Və sonda dediklərimizi ümumiləşdirib gənc və peşəkar futbolçularımıza sağlam mühit yaratmaq və qorumaq üçün bir resept verməyi Sizdən xahiş edirəm.
- Bilirsiniz, idmançının birinci növbədə fiziki sağlamlığı olmalıdır. İdmançı artıq yeməkdən, siqaretdən, narkotikdən uzaqda olması vacibdir. Bu mənim fiziki nöqteyi-nəzərdən fikrimdir. Yəni bədən fiziki cəhətdən sağlam olmalıdır. Baxın dünyaca məşhur Pelenin 72 yaşı var. Pele 16 yaşından şəkər xəstəsidir və o, şəkər xəstəsi ola-ola iki dəfə dünya çempionu oldu. Bugünkü günə qədər də Pele sağlamdır, hamı tərəfindən sevilir və balacadan böyüyə kimi hamı onu tanıyır. Şəkəri ilə yaşayan Pele nəyə görə sevilir? Ona görə ki, düzğün qidalanır və düzgün həyat tərzi keçirir. Düzgün insanlarla ünsiyyət saxlayır. Eşidəndə ki, kiminsə şəkəri var, hamı onun fatihəsini verməyə çalışır. Hətta xəstə şəkər xəstəsi olduğunu biləndə ruhdan düşür. Bu faktdır. Pele oyunlar oynayıb, travmalar alıb, amma 72 yaşında o hələ də gümrahdır. Deməli, o, özünə və məqsədinə inanır. İnam böyük qüvvədir. Özünə inam. Getdiyin işinə inam. Kumirinə inam. Deməli, ən vacibi sağlamlıq və inamdır.
-Necə deyələr, sağlam bədəndə sağlam ruh olar.
-İdmançılar başa düşməlidirlər ki, fiziki sağlamlıq qədər onların psixologiyası da, ruhu da sağlam olmalıdır.
Dilbər Baxış sayı: 995 |
Xəbərlər
Bloqlar |