22 May 2012      
RU

Lalə Məmmədova: “Evdə oxuyanda mənə Lalə Qaraböcək deyirdilər”

Cümə axşamı, 03 İyun 2010
Çap PDF faylını al

Öz sənətini, öz ailəsini, öz vətənini sevən bir xanımdır. Milli Konservatoriyanın xanəndəlik şöbəsini bitirib, elə həmin Konservatoriyada da ingilis dilindən dərs deyir. Milli Konservatoriyanın desertantıdır. Elmi iş üzərində işləyir. Elmi işinin mövzusu: “Müasir Azərbaycan və İngilis sənətkar obrazı və cəmiyyət”. 1992-ci ildən sənətdə olmasına baxmayaraq, 1997-ci ildən professional səhnədə R. Babayev adına studiyada - S. Kəriminin peşəkarlar studiyasında çalışmağa başlayıb. Qazaxıstanda Asiyanın Səsi Beynəlxalq Müsabiqəsinin laurantı, Şanxayda keçirilən Beynəlxalq Müsabiqənin “Ən yaxşı qadın səsi” nominasiyasının diplomuna layiq görülüb. İstedadlı xanım müğənnimiz LALƏ MƏMMƏDOVA ilə üz-üzə oturub, sualların məzmununa sərbərstlik verdik.

- Ailə və sənət: Sizin üçün bunlar nədir və onların yeri haradadır?

- “Onların hər ikisinin yeri mənim üçün eynidir. Özümü nə ailəsiz, nə də səhnəsiz təssəvvür edə bilirəm. Mənə elə gəlir ki, onların ikisini birləşdirən bir ad var, o da mənim ailəmdir.

- Həyat yoldaşınızı necə seçmisiniz?

- Valideynlərimizin çox uzun illər dostluğu olub. Amma buna baxmayaraq biz onunla heç bir zaman həyatda görüşməmişdik. Qaynanam tərəfindən ilk addımlar atılmışdı. Sonra isə biz onunla tanış olduq. Amma məqsəd qoyulmamışdı ki, biz bu dəqiqə ailə qurmalıyıq. Bir-birimizi tanıdıq. Çox az müddətdə - 2 ay ərzində ailə qurduq. Mənə elə gəlir ki, insanlar bir- birlərini hiss edəndə, həm qarşılıqlı hörmət, həm də rəğbət olanda bu vacib addım çox tez baş verir.

-Deyirlər həyatda “pislər” və “pisliklər” yaman çoxalıb. Sizə görə necədir?

- Bilirsiniz, mən konkret deyəcəm. Biz Allahın bəndələriyik. Mən həmişə hər şeyi Allahın öhdəsinə buraxıram. Onun verdiyi cəzanı heç bir bəndə verə bilməz. İnsan bilərəkdən kiməsə pislik edirsə, o, geç- tez bu dünyada cavabını alacaq. Pislik edən əgər artıq həddini aşırsa, mən də o insanın cavabını verməyə hazıram, verirəm də. Amma elə şeylər var ki, mən onun səviyyəsinə enməmək üçün elə zamanın öhdəsinə buraxıram.

-Necə düşünürsünüz, toy insanların məhəbbətində ölçü etalonu sayıla bilərmi? Və evlənərkən, toy neçənci şərtdir?

- Toy simvolik hadisədir. Əgər insanlar toyla, dəb-dəbə ilə ərə getməklə xoşbəxt olsaydılar, onda bütün dəbdəbəli toyla ərə gedən xanımlarımız hamısı xoşbəxt olardı. Söyləyim ki, mənim üçün əlbəttə də birinci toydur. Bu mənim fikrimdir. Bir azərbaycanlı xanımı kimi deyə bilərəm ki, qanuni nigahın ailə qurulmasında çox böyük rolu var. Amma yenə də hesab edirəm ki, ondan vacib şeylər var. Toy, nişan, cehiz-bunlardan biri və bir neçəsi olmasa da olar.

-Gərgin anlarda tərəflər güzəştə getməlidirlər. Güzəştə gedirsinizmi? Əgər gedirsinizsə?...

- Gərgin hallarda güzəştə getməliyəm. Ona görə ki, artıq mənim ailəm, övladım var. Ailədə çox söz-söhbətlər olur. İnsan öz sözünü deməyi və düşdüyü vəziyyətə aydınlaşdırmağa çalışmalıdır. Və hesab edirəm ki, yenə də ailədə qadın güzəştə getməlidir. Mən də ailəmdə güzəştə gedirəm.

- Hansı xasiyyətinizdən xoşunuz gəlir, hansı xasiyyətinizi bəyənmirsiniz ?

- Bilirsiniz, Məhəmməd peyğəmbərin bir sözü var : “ Bir sevincli olanda, bir də hirsli olanda qərar vermə”. Mən özümdə onu bəyənmirəm ki, hirsli olanda, bir də sevincli olanda tez qərar çıxarıram. Sonra da onun peşmançılığını çəkirəm. Qışqırıb bağırmıram. Daxilən hiss edirəm ki, nəsə artıq məndə yığılıb. Bir günsə partlayış baş verir. Bir xasiyyətimi çox bəyənirəm, qarşılığını gözləmədən təmannasız yaxşılıq eləməyi sevirəm.

- Əgər sirr deyilsə, həyat yoldaşınızın hansı xasiyyətini bəyənirsiz və ya əksinə?

(gülür) Mən deyəcəm, vallah elə biləcəklər ki, yoldaşımı tərifləyirəm. Hamı bizi el şənliklərində, tədbirlərdə bir yerdə görürlər. Özündən əvvəl onda olan səmimiyyətini, bir də sözünün bütövlüyünü sevdim. Bizim zəmanədə belə xüsusiyyətlərlə yaşayan kişilərə rast gəlmək çox çətindir. Ailə sevən bir insan kimi bunları çox dəyərləndirirəm. Amma xoşuma gəlməyən şey arada mənə elə gəlir ki, o diqqəti çox sevən insandır. O, hərdən məndən həddindən artıq diqqət tələb edir. (gülür)Öhdəsindən gələ bilmirəm. Başa düşürəm ki, körpəmə də lazımam, ailəmdəki vəzifələrimi də çatdırmalıyam, səhnəyə də çıxmalıyam. Bilirsiniz, arada fiziki cəhətdən doğurdan da yoruluram. Hərdən mənimlə söhbət edəndə fikrim başqa yerdə olur. Deyəndə ki, “ ...axı, mən səninlə söhbət edirəm. Sən hara baxırsan...” Nə isə tələbkar insandır. Məncə qadın üçün ailədə bu çox yaxşıdır (gülür).

- Sizcə, güclü qadın kimdir? Fiziki cəhətdən güclü, yoxsa, iradəsi və əqli ilə əks cinsin nümayəndələrindən heç də geri qalmayan xanım? Bəs siz necə, özünüzü güclü qadın sayırsınızmı?

- Üzr istəyirəm, fiziki çəhətdən güc heyvanlarda da var. Şüurlu insanı şüursuz heyvandan fərqləndirən onun daxilən duyması, onun mənəviyyatlı olmasıdır. Baxmayaraq ki, kişilər fiziki cəhətdən həmişə güclü olurlar. Mən çalışıram ki, həm fiziki, həm də mənəvi cəhətdən güclü olum. Yadımdadır, hamiləliyimin 9 ayında Milli Konservatoriyada zaçot, imtahan götürürdüm. Halbuki, həkim mənə demişdi ki, “otur, evdə gözlə!”. Hələ bu nədir ki, (gülür) heç zaman yadımdan çıxmaz! 8 aylıq hamilə idim. Heydər Əliyev adına Sarayda canlı mahnı ifa etmişəm. Bunu şahidi olanlar təsdiqləyə bilər. Özü də çox gözəl alınmışdı.

- Həyatda xatırlamaq istəmədiyiniz və sevərək xatırladığınız əhvalat varmı?

-(gülür) 10 il əvvəl olan bir hadisənin səbəbini, inandırıcı olmasa da 1 il öncə bildim. Bilirsiniz ki, mən Siyavuş Kəriminin tələbəsiyəm. Musiqiyə təzə gələn vaxtlarımda bəstəkarımız Tofiq Quliyevin yubiley gecəsi keçirilirdi. Opera və Balet Teatrında mən də mahnı hazırlamışdım. Təsəvvür edin ki, geyimdə- keçimdə opera teatrına gəlmişəm. Son anda səhnəyə çıxmağa az qalmış S. Kərimi dedi ki, “Mən fikirləşdim, qızım, sən hələ hazır deyilsən. Gəl bu ifanı başqa vaxta saxlayaq”. Halbuki, məşqlərimiz də olmuşdu. İnanırsınız ki, necə illərdir bunu başa düşməmişdim. Amma hiss edirdim ki, S. Kərimi söhbətdən qaçır. Bu yaxınlarda çox təsadüfən o məsələni öyrəndim. Sən demə, həmin vaxt Mədəniyyət Nazirliyindən hamımızın tanıdığı bir şəxs zəng vurub ki, gənc, tanınmamış müğənninin bu gecədə iştirak etməsinə icazə verilmir. Sevərək xatırladığım ailəmizlə bağlı uşaqlıq xatirələrimdir. 5 bacım var. Allaha şükür, hamısı ailə qurub. Mən evin 4-cü qızıyam, məndən sonra 1 balaca bacım var. Mən 4 yaşında efirə çıxmışam. Ona görə ki, evdə oxuyurdum. Evdə oxuyanda mənə Lalə Qaraböcək deyirdilər. Mən də elə əsəbiləşirdim ki!

-Uşaq vaxtı ən çox hansı mahnını oxuyurdunuz?

-Ən çox? (fikirləşir). Maraqlıdır?! (oxuyur). “ Danışıb gülməyirsən Leylam...” Ən çox sevdiyim mahnıdır, nədəndir bilmirəm. “Leyli və Məcnun” əsərinə 5 yaşımda qulaq asmışam. İlk dəfə oxuduğum mahnı isə, Fikrət Əmirovun ” Göy -göl “ mahnısı olub.

-Yekunda sızə bir sual vermək istəyirəm. Hansı suala cavab vermək istəməzdiniz?

- Yalnız ailəmlə bağlı suallar məndə cavabsız qala bilər!

 



Baxış sayı: 867

ARXIV

< İyun 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
  1 2 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%