Gülya Vəkilova: “Paltarın bir çox problemi həll etdiyinə əminəm“
Çərşənbə axşamı, 11 May 2010
![]() Adəm və Həvva günaha batdıqdan sonra çılpaqlıqlarını örtməyə məcbur olduqları andan bu günədək Allah bəndəsi saysız-hesabsız paltar geyinib-soyunub. Əlbəttə ki, bunun da obyektiv səbəbləri olub. Əvvəlcə soyuqdan qorunmaq üçün geyinməyə başlayıblar. Sonradan isə estetik zövqün inkişafıyla əlaqədar paltara həm də gözəllik və zənginlik, o cümlədən sosial pilləkəndəki yeri göstərməyə imkan verən vasitə kimi baxıblar. O gündən bu günədək zövqlər də dəyişib, insanlar da. Ancaq dəyişməyən yalnız yaxşı görünmək və sevilmək istəyidir. Məhz bu amili qiymətləndirən və fəaliyyətlərində əsas tutan moda ustaları uzun illərdir insanların ən böyük arzularını yerinə yetirməklə məşğuldurlar. Belə xeyirxah işlə məşğul olan xanımlardan biri də “Cağteks“ gəlinliklər mağazasının sahibəsi Gülya Vəkilovadır. Siz bu müsahibədə Gülya xanımın moda və stil kimi məfhumların insanın həyatındakı yeri haqqında fikirlərini bölüşməklə yanaşı, yeni dövrün moda-insan tandeminə mümkün təsiri barədə də danışdı. -Gülya xanım, hər bir dövrün öz stili var. Zəmanəmizin stili haqqında nə deyə bilərdiniz? Dövrümüzün paltarına əsasən nə xarakterikdir? -Hazırda modada müəyyən və konkretləşdirilmiş stil yoxdur ki, bunu da postmodernizm dövrünün əlaməti kimi qiymətləndirmək olar. Bu gün müxtəlif stillərin qarışığı, daha doğrusu, uyğun gəlməyənlərin uyğunluğu aktualdır. Mən bunu çox maraqlı hesab edirəm, ona görə ki, bu tendensiya insanlara yeni, qeyri-adi obrazlar yaratmağa imkan verir. Bəlkə də qəribə səslənəcək, amma düşünürəm ki, uyğunluq nə qədər paradoksal olarsa, bir o qədər yaxşıdır. Təbii ki, belə bir modanın bir qədər təhlükəli olduğunu qeyd edənlər var. Açığını desəm, bu mövqedə dayananların narahatlıqlarını anlayıram. Uyğun gəlməyənləri uyğunlaşdırmaq böyük ustalıq və hazırlıq tələb edir. Qeyd etməyə bilmərəm ki, burada ən vacib amil hamını heyrətə gətirəcək obrazların yaradılmasında ölçü hissinin itirilməməsindən ibarətdir. Etnik paltar və ya aksessuarlar idman paltarı ilə “birləşə bilər“. İdman paltarının isə bahalı parçadan tikilməsi mümkündür. Bir sözlə, stil yaradarkən zövq və ölçü hissinin qorunması prinsiplərini rəhbər tutmaq vacibdir. Ümid edirəm, belə modanın köməyilə insanın paltarların kütləvi istehsaldan individual və ya məhdud sayda tikilmiş paltarlara istiqamətinin dəyişməsi baş verə bilər. -Maraqlı məqama toxunursunuz. Amma soruşmaya bilmirəm-uyğun gəlməyənlərin uyğunlaşdırılması amili modanın spontan şəkildə meydana çıxmasına şərait yarada bilməzmi? Məlumdur ki, modaya küçənin təsiri böyükdür. Məsələn, geniş və beldən düşən şalvarları modaya mindirən kasıb məhlələlərdə yaşayan Afrika mənşəlli yeniyetmələr olublar. Belə şalvarların da xüsusi mənası var idi. Belə şalvar geyinməklə afroamerikalı yeniyetmələr cinayət aləminə məxsus olduqlarına işarə vururdular (türmədə kəmərlər güzətçilələr tərəfindən alınırdı)… -Modanın yaranması haqqında sual həm maraqlıdır, həm də çətin. Klassik variant-modanı dizayner təklif edir. Onun modelləri jurnallarda çap edilir, televiziya ekranlarında göstərilir, podiumlarda nümayiş etdirilir. Həyata keçirilməsi mümkün olan və eyni zamanda orijinal ideyalar meydanda yerini taparaq, dəbə minir. Lakin burada modelyer üçün vacibdir ki, günün əhval-ruhiyyəsini tuta bilsin. Sadə misal çəkmək istəyirəm- əgər minimalizm dəbdədirsə, o zaman bir müddətdən sonra onu hökmən dekor və rənglər əvəz edəcək. Uniseks dəbdədirsə, deməli tezliklə qadınlığı biruzə verəcək paltarlar geyəcəyik. Romantika bezdirəcəksə, militari dəbə minəcək. Qısası, bütün bunları sadə ziddiyyətlərin prinsipi adlandırmaq olar. Küçənin modaya təsirinə gəldikdə isə məşhur modelyer Koko Şanel deyirdi ki, “Mən modanın küçəyə çıxmasını sevirəm, lakin modanın küçədən gəlməsini qəbul edə bilmərəm“. Bundan başqa, modaya insan amili də təsir göstərir. Məşhur insanın geyim stili onun pərəstişkarları tərəfindən kopyalaşdırılır. Yəni çoxları kumirlərinə oxşamaq istəyirlər. Belə bir tendensiyanın güclənməsi həmin stilin dəbə minməsinə böyük təsir göstərir. Afroamerikalıların geyim tərzi barəsində də belə demək mümkündür. Məlumdur ki, qaradərili müğənnilər və aktyorlar şou-biznes aləmində böyük yeri “işğal“ ediblər. Buna görə də, geniş və beldən düşən şalvarların gənclər, xüsusilə də yeniyetmələr tərəfindən rəğbətlə qarşılanması başadüşüləndir. Ancaq unutmaq lazım deyil ki, moda hər yerdə lokal xarakterlidir. Yəni müxtəlif mentalitetli və baxışlı modelyerlər moda dünyasından əxz etdiklərini yaşadıqları ölkələrin yerli spesifikasına uyğunlaşdırırlar. - Gülya xanım, Azərbaycanda da məşhur olan belə bir ifadə var: “İnsanı paltarına görə qarşılayır, ağlına görə yola salırlar“. Bununla razılaşırsınızmı? -Haradasa bu fikirlə razılaşmaq olar. Amma mənim üçün paltar yox, insanın daxili aləmilə xarici görkəmi arasında olan harmoniya vacibdir. Əgər bu harmoniya yoxdursa, həmin insanın ətraf aləm üçün yaxşı təsir bağışlayacağı çətin görünür. Lakin ümumilikdə düşünürəm ki, insan yaxşı geyinməlidir, çünki paltarın bir çox problemi həll etdiyinə əminəm. -Bir çox tənqidçilər deyirlər ki, müasir moda qadınlara münasibətdə amansızdır. Açıq çiyin və kürəklər…Başgicəlləndərin dekolte! Bununla bağlı nə deyərdiniz? -Amansız olduğunu deyə bilmərəm. Amma hesab edirəm ki, qadın həmişə dəyişikliklərə hazır olmalıdır. Bir də ki, paltar qadın gözəlliyinə əlavədir və qadının başgicəlləndirən dekoltesi gözəlliyi artırırsa, bunda pis nə var ki?! (gülür). -Stillə geyinmək üçün çoxmu pula malik olmaq lazımdır? -Yox, əsas zövqlə geyinməkdir. Zövqün varsa, az pulla da stil yarada bilərsən. - Sizin mağazınız əsasən gəlin paltarlarının satışı ilə məşğuldur. Maraqlıdır, sifarişçiləriniz arasında kişilər də olurmu? -(Gülür) Xeyr. Sifarişçilərimiz arasında kişilər yoxdur. Çox nadir hadisədir ki, “Çağteks“ə kişi daxil olsun. Biz qadın dünyasının hakim olduğu məkanıq. - Yeni işə başlamaq istəyən oxucularımıza hansı məsləhətləri vermək istəyərdiniz? - Düşünürəm ki, işə yeni başlamaq istəyən oxucular özlərinə o qədər tənqidlə yanaşmasınlar. İndi bir çoxları deyirlər: “Mənim pulum yoxdur, məni heç kim tanımır, məndə heç nə alınmayacaq“. Məşhur NİKE firmasının belə bir devizi var-“Just do it“. Buna görə də, məsləhət görərdim ki, yeni işə başlayanlar nəsə yaratmağa cəhd göstərsinlər və “ilkinləri“ maraqla qarşılanırsa, o zaman ortaya atılmış ideya geniş dəstək qazanacaq və maraqlı olan insanlar hamının rəğbətini qazanmış planın yerinə yetirilməsinə çalışacaqlar. Sadəcə, yaratmağa çalışmaq lazımdır. Söhbətləşdi: Dilbər Baxış sayı: 1074 |
Xəbərlər
Bloqlar |