Azərbaycan Əfqanıstana investisiya yatırmağa hazırdır
Cümə, 09 Dekabr 2011
![]() Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçirilən ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edib. XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov iclasda çıxış edib. O deyib ki, Əfqanıstandakı mövcud vəziyyət regional və qlobal təhlükəsizliyə ciddi şəkildə təsir edir. Təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək və Əfqanıstanla qardaş əlaqələri nəzərə alaraq, Azərbaycan Əfqanıstanda təhlükəsizliyin, sabitliyin və rifahın bərqərar olması üçün lap əvvəldən öz tövhəsini verməkdədir. "Coğrafi mövqeyimiz və mövcud infrastruktur Azərbaycanı regionun mühüm tranzit ölkəsinə çevirib. ISAF əməliyyatları üçün zəruri olan mallar və canlı qüvvə həm Azərbaycanın quru ərazisindən, həm də hava məkanından istifadə etməklə Əfqanıstana daşınır. Bu tranzitin həcmi ilbəil artmaqdadır",- deyə E. Məmmədyarov qeyd edib. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ötən onilliyin təcrübəsi sübut etdi ki, Əfqanıstanda davamlı sülh və sabitliyə nail olmaq üçün hərbi yardım kifayət deyil: "Bu mövqedən çıxış edərək, Azərbaycan Əfqanıstanla qeyri-hərbi sahədə əməkdaşlıq üçün tövhə verməkdədir. Əfqanıstanın mülki və hərbi qulluqçularına təlimlər vermək üçün praktiki layihələr həyata keçirilməkdədir. ANAMA ərazilərin minadan təmizlənməsi sahəsində Əfqanıstanlı mütəxəssislərə həm Əfqanıstanda, həm də Azərbaycanda təlimlər keçib". Azərbaycan Diplomatik Akademiyasının hər il əfqan diplomatlar və dövlət qulluqçuları üçün “Xalq Diplomatiyası”, “Qanunun aliliyi”, “Yaxşı idarəçilik” və “Keçid dövründə idarəetmə” mövzularında təlimlər təşkil etdiyini vurğulayan Elmar Məmmədyarov əlavə edib ki, Milli Təhlükəsizlik Nazirliyi terrorizmə qarşı mübarizə sahəsində kurs, Dövlət Sərhəd Xidməti isə Əfqanıstan və Mərkəzi Asiya sərhəd xidmətlərinin iştirakı ilə seminar keçiriblər. Azərbaycanın digər qurumları da əfqan polis və hərbi qulluqçuları da daxil olmaqla Əfqanıstan rəsmiləri üçün müvafiq təlim proqramları həyata keçirməyə hazırdır: "Biz ISAF-ı mülki şəxslərinin itkisinin azalması üçün səyləri artırmağa çağırırıq. Humanitar cəhətlə yanaşı, bunun siyasi əhəmiyyəti də var. Yerli mədəni və dini adət-ənənələrə uyğun olan davranış üçün səylərin artırılması həm Əfqanıstanda, həm də ondan kənar ərazilərdə ISAF-ın ictimaiyyət tərəfindən qəbul edilməsini xeyli artıracaq. Azərbaycan Əfqanıstanın iqtisadi inkişafında maraqlı olan bir ölkə kimi Əfqanıstan hökuməti tərəfindən təklif olunacaq investisiya layihələri üzərində işləyə bilər. Hal-hazırda Əfqanıstana investisiya qoyan və bu ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətlərimiz var". Elmar Məmmədyarov yekun olaraq qeyd edib ki, Əfqanıstanda mövcud olan təhlükəsizlik çağırışları həm regional, həm də beynəlxalq miqyasda çox mühüm məsələ kimi qəbul edilməlidir. Müharibələr və çətinliklə dolu onilliklərdən sonra əfqan xalqı sülh və rifaha qovuşmaq üçün real şans əldə edib. Əfqanıstandakı təhdid və çağırışlara cavab vermək üçün beynəlxalq ictimaiyyət həmrəylik nümayiş etdirməli və Əfqanıstan hökumətinin səylərini dəstəkləməyə davam etməlidir. Baxış sayı: 80 |
Xəbərlər
Bloqlar |