İnquşetiya prezidenti azərbaycanlı sahibkarlara səsləndi
Çərşənbə axşamı, 31 Avqust 2010
![]() İnquşetiya prezidenti Yunusbek Yevkurov Bakıya səfərdən öncə İnquşetiyanın paytaxtı Maqasdakı iqamətgahında ANS-ə eksklüziv müsahibə verib. Məlum olduğu kimi, İnquşetiya prezidenti Yunusbek Yevkurov sentyabrın 2-də Rusiya prezidenti Dmitri Medvedevlə birlikdə Azərbaycana səfər edəcək. Nümayəndə heyətinin tərkibində bundan başqa Dağıstan prezidenti Maqomedsalam Maqomedov, eləcə də Şimali Qafqaz Federal Dairəsi üzrə prezidentin xüsusi nümayəndəsi Aleksandr Xloponin də Bakıya gələcək. ANS-ə müsahibəsində bu barədə məlumat verən İnquşetiya prezidenti Yunusbek Yevkurovun sözlərinə görə, məqsəd Azərbaycanla Rusiyanın Şimali Qafqaz Federal Dairəsi arasında gələcək əməkdaşlığın konturlarını müəyyən etməkdir. İnquşetiya prezidentinin bu səfərdən sonra yenidən geniş nümayəndə heyəti ilə Azərbaycana gəlmək niyyəti də var. “Mən müraciət etmişdim ki, Rusiya prezidenti Azərbaycana səfər edəndə, mən də nümayəndə heyətinin tərkibində olum və artıq razılıq əldə olunub. Məni səfər edəcək nümayəndə heyətinin tərkibinə daxil edib. Bu səfərdə Dağıstan prezidenti Maqomedsalam Maqomedov da iştirak edəcək. Mən istəyirəm yerində tanış olum, vəziyyətə baxım. Bəzi məsələləri razılaşdırım və artıq sonra öz respublikamdan nümayəndə heyəti ilə birgə Bakıda olum və bir sıra müqavilələr imzalayım”,- deyə Yunusbek Yevkurov bildirib. Yunusbek Yevkurov Azərbaycana olan marağını ölkəsində maliyyə qoyuluşu üçün kifayət qədər sahənin olması ilə əsaslandırır. Onun sözlərinə görə, gəlir əldə etmək istəyən azərbaycanlı sahibkarlar məhz İnquşetiyaya sərmayə yatıra bilər. Bu ölkənin daimi terror və partlayış təhlükəsinə görə yaranan pis imicinə gəldikdə isə prezident Yevkurov bunu elə də ciddi problem hesab etmir. Onun sözlərinə görə, İnquşetiyaya maliyyə qoyuluşu edən istənilən xarici sahibkara həm ölkə rəhbərliyi, həm də Rusiyanın Maliyyə Nazirliyi xüsusi zəmanət verir: ”Azərbaycanlı investorlar bizim respublikaya gəlsələr, bilməlidir ki, bizdə Rusiya Maliyyə Nazirliyinin 70 faizlik təminatı və sığortası var, yəni Rusiya hökuməti Şimali Qafqazın istənilən respublikasına investisiya qoyana bu təminatı verir. Bu çox yaxşı sığortadır. Məsələn, bizə hündür mərtəbəli binaların tikilməsi lazımdır. 20 mərtəbə olsa, biz etiraz etmərik. Bizim aqrar sənaye sahəsində də böyük və geniş imkanlarımız var. Misal üçün istixana və ya quşçuluq fabriki tikmək üçün bizdə geniş şərait mövcuddur”. Yunusbek Yevkurov bildirib ki, İnquşetiyada hələ 1915-ci ildən neft hasil olunur. Son illər hasilatın həcmi 300 min tondan 50 min tona qədər azalsa da, bu sahə hələ də cəlbedicidir. Hazırda “Rosneft” şirkətinin burada işlədiyini xatırlatsa da, o, bu sahədə digər ölkənin kapitalının iştirakını istisna etmir. Daha bir müzakirə mövzusu isə dini sahədə əməkdaşlıqdır. Prezident Yevkurov inquş tələbələrin dini təhsil almaq üçün Bakıya üz tutmasını daha məqsədəuyğun sayır. Azərbaycanla əməkdaşlığın yolunun Dağlıq Qarabağ münaqişəsindən keçdiyini xatırladaraq ANS müxbiri cənab Yevkurovdan münaqişə bağlı mövqeyini açıqlamasını da xahiş edib. O isə daha çox ehtiyatlı cavab verməyi üstün tutub. Amma etiraf edib ki, onun şəxsi mövqeyi rəsmi Moskvanın mövqeyindən fərqlənir. “Burada xüsusi qeyd etmək istəyirəm ki, mənim özümün şəxsi mövqeyim var. Amma mən bu mövqeyi açıqlamaqdan çəkinəcəm. Çünki mən Rusiyanın subyektinin rəhbəriyəm. Bu isə iki ölkənin- Azərbaycan və Rusiyanın siyasətidir. Ümid edirəm ki, sizin tamaşaçılar da məni düzgün başa düşər, çünki mənim bu məsələ ilə bağlı mövqeyimi açıqlamağım heç də mədəni olmayacaq. Gəlin bu məsələyə münasibəti Rusiya və Azərbaycanın rəhbərlərinin öhdəsinə buraxaq”,- deyə İnquşetiya lideri qeyd edib. Yunusbek Yevkurova öz mövqeyini açıqlamaq üçün mane olan səbəblər olsa da, Qarabağ münaqişəsi və işğal olunmuş Azərbaycan torpaqlar haqda həqiqətləri öyrənmək üçün hər halda onda prezident sərbəstliyi var. ANS-in hədiyyəsi olan rus dilində nəfis tərtibatlı “Şuşanın tarixi” haqda kitab bundan sonra İnquşetiya prezidentinin kitabxanasını bəzəyəcək. Müsahibə zamanı prezident Yevkurov azərbaycanlı hərbçi yoldaşı və dostuna salam göndərməyi də yaddan çıxarmayıb. Onun son ifadəsi məhz belə olub: “Əgər Arzuman Rəhimov məni eşidəcəksə, qoy bilsin ki, mən Bakıda olarkən onu görməyə çox şad olardım”. ANS Baxış sayı: 460 |
Xəbərlər
Bloqlar |