07 Fevral 2012      
RU

“Qara kontinent” BRİK-ə can atır

Bazar ertəsi, 30 Avqust 2010
Çap PDF faylını al

BRİK qeyri-formal təşkilat yenidən diqqət mərkəzindədir. Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zumanın ölkəsinin təşkilata üzv olmaq istədiyini açıqlamasından sonra BRİK ətrafında müzakirələr yenidən vüsət alıb. Mütəxəssislərin fikrincə, Afrikanın ən böyük və varlı ölkəsinin təşkilata daxil olması qurumun geosiyasi və geoiqtisadi çəkisini artırmaqla yanaşı, inkişaf etmiş ölkələrin təmsil olunduğu “G7” kimi birliyin yerini ala biləcək gücə malik olacaq.

Çinə ilk rəsmi səfəri zamanı CAR-ın prezidenti Ceykob Zuma bildirib ki, onun ölkəsi BRİK qeyri-formal təşkilatına daxil olmaqla dünyanın inkişaf etməkdə olan liderlərdən biri statusunu möhkəmləndirmək istəyir. C.Zuma artıq BRİK ölkələrinin liderlərilə danışıqlar apardığını və hazırda müsbət cavab gözlədiyini açıqlayıb. Bununla yanaşı, hər iki ölkənin rəhbərliyi “hərtərəfli strateji tərəfdaşlıq” əlaqələrinin yaradılması barədə razılığa gəlindiyini də vurğulayıblar. “Biz hesab edirik ki, onlar müsbət qərara gələcəklər”,- deyən CAR lideri ölkəsinin BRİK-ə daxil olmaq şansını yüksək qiymətləndirib. C.Zuma həmçinin açıqlayıb ki, getdikcə müasir dünyada daha böyük rol oynamağa başlayan ölkələrin təmsil olunduğu BRİK-də hələ də Afrika qitəsindən ölkə yoxdur. Halbuki Afrikanın əhalisi 1 milyard nəfərdən çoxdur.

Prinsipcə BRİK-ə yeni üzvlər qəbul etmək mümkündür. Ən azından ona görə ki, BRİK qeyri-formal təşkilatdır və təşkilatda birləşən ölkələr arasında xüsusi alyans və təşkilatın baza qaydaları haqqında hər hansı bir sənəd imzalanmayıb. BRİK- iqtisadçılar tərəfindən daha sürətlə inkişaf edən ölkələri ümumiləşdirmək məqsədilə düşünülmüş süni konstruksiyadır. Buna görə də, bəzi mütəxəssislər deyirlər ki, BRİK ölkələrinin sayının artırılmasını dövlət başçılarının yox, konstruksiyanı düşünmüş iqtisadçıların müəyyənləşdirməsi daha məntiqə uyğun olardı.

Xatırladaq ki, BRİK qeyri-formal təşkilatına Braziliya, Rusiya, Hindistan və Çin daxildir və bu termin ilk dəfə olaraq 2001-ci ildə “Qoldman Saks” bankının mütəxəssisi Cim Oneyl tərəfindən dövriyyə buraxılıb. C.Oneyl inkişaf tempində daha yaxşı nəticə nümayiş etdirən dövlətləri seçərək aydınlaşdırmağa çalışıb ki, həmin ölkələr yaxın 50 il ərzində hansı səviyyəyə qədər inkişaf edəcək. Qeyd etmək yerinə düşərdi ki, britaniyalı iqtisadçının nəticələri o zaman dünyada kifayət qədər şok effekti yaratmışdı. C.Oneyl və həmkarları hesablamışdılar ki, BRİK ölkələri 2050-ci ildə dünyanın altı ən böyük iqtisadi gücə malik ölkələr isırasında yer alacaq və onların Ümumi Daxili Məhsul istehsalı “Böyük altığ”ın(ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Yaponiya) UDM istehsalını ötəcək.

“Qoldman Saks” bankının hesabatında nəyə görə məhz dörd ölkənin seçilməsinə aydınlıq da gətirilmişdi. İqtisadçılar bildirmişdilər ki, sadalan ölkələrin hər birində böyük sayda əhali yaşayır və hər biri böyük əraziyə və potensiala malikdir. Bütün bu amillər “dördlüyün” beynəlxalq arenada daha aktiv rol oynamağa imkan verəcək. Hesabatda həmçinin CAR-ın ÜDM-nin potensial dinamikasına dair proqnozlar irəli sürülmüş və qeyd olunmuşdu ki, 2050-ci ildə CAR-ın iqtisadi artım tempi Rusiyadan 5 dəfə, Çindən isə 40 dəfə az olacaq. Buna görə də, iqtisadçılar BRİK-ə CAR kimi ölkənin əlavə edilməsini məqsədəuyğun saymamışdılar. Amma iqtisadçılar 2005-ci ildə Meksikanın və Cənubi Koreyanın qeyri-formal təşkilata aid etməyin mümkün olduğunu açıqlamışdılar.

Ümumiyyətlə, CAR-ın iqtisadiyyatı Afrika qitəsinin digər ölkələrinin iqtisadiyyatlarından hissediləcək dərəcə fərqlənir. CAR bütün parametrlərə görə qonşu ölkələri qabaqlayır. Lakin BRİK ölkələrilə müqayisədə CAR-ın iqtisadi uğurları o qədər də böyük deyil. Belə ki, UDM-nin nominal həcminə görə ölkə dünyada 32-ci yeri tutur. Halbuki Braziliya eyni göstəriciyə görə 8-ci, Rusiya 12-ci, Hindistan 11-ci, Çin isə 2-ci yeri bölüşdürür. İxrac və ixdal həcminə görə də CAR BRİK ölkələrindən arxada qalır.

Amma CAR-ın BRİK-lə bağlı perspektivi o qədər də qaranlıq deyil. BRİK üzvləri afrikalılarn da təşkilata daxil olmalarını dəstəkləyə və bundan maksimum faydalana bilərlər. Məsələ ondadır ki, Braziliya, Rusiya, Hindistan və Çin BRİK ideyasını maraqlarına uyğun cavab verdiyinə görə dəstəkləmişdilər. “Dördlüyə” daxil olan hər bir ölkə konkret məqsəd güdür: beynəlxalq arenada daha fəal rol oymaq və bunun üçün inkişaf etməkdə olan ölkələrin potensialından maksimum faydalanmaq. CAR-ın da potensialı böyükdür və onun təşkilata qoşulması BRİK-in təsir dairəsinin genişlənməsinə və təşkilata inkişaf etməkdə olan ölkələr hesabına beynəlxalq arenada çəkisini artırmasına imkan verə bilər. Hər halda BRİK ölkələrinin “Qara kontinentə” doğru irəliləməsinə ciddi əngəl yoxdur.

E.Rza



Baxış sayı: 316

ARXIV

< Avqust 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
31          

Emi, yoxsa Ketrin?

25%
75%

Hava durumundan razısınız?

56%
44%
0%