Fransada reytinq mübarizəsi qızışır
Bazar ertəsi, 16 Yanvar 2012
![]() Fransa seçkilərə hazırlaşır. Ölkənin bir nömrəli postuna namizədlərin adları da məlumdur. Fransalılar indiki Prezident Nikola Sarkoziyə qarşı mübarizə aparacaq namizədlər arasında ən güclü rəqibin adını da bilirlər. Son rəy sorğularının nəticələrinə görə, bu il 5-ci respublikanı maraqlı və gərgin seçkilər gözləyir. Fransızlar üç aydan sonra liderlərini seçəcəklər. Ölkənin ən ali postuna bir çox siyasi xadim iddia edir. İndiki Prezident Nikola Sarkozi də ikinci dəfə prezident seçilmək istəyir. Amma son rəy sorğuları göstərir ki, Yelisey Sarayına gedən yol heç də asan olmayacaq. Fransanın İFOP Sosiologiya İnstitutunun apardığı rəy sorğularına görə, cənab Sarkozinin reytinqi 26 faizə bərabərdir. Siyasi müşahidəçilər bu göstəricini ölkə lideri üçün kifayət qədər aşağı və seçki mübarizəsi baxımından təhlükəli olduğunu bildirirlər. Amma Fransa prezidentini bir qədər rahatlaşmağa imkan verən başqa bir məqam da var. Söhbət cənab Sarkoziyə ən real rəqib kimi qiymətləndirilən sosialistlərin lideri Fransua Ollandın reytinq səviyyəsindən gedir. İFOP-un rəy sorğularında iştirak edən respondentlərin cəmi 28 faizi sosialistlərin namizədini Yelisey Sarayında görmək istəyir. Yəni Prezident Sarkozi əsas rəqibinə o qədər də böyük hesabla uduzmur. Maraqlıdır ki, ötən ilin oktyabr ayında cənab Olland indiki prezidentə əməlli-başlı narahat olmağa əsas vermişdi. Belə ki, həmin dövrdə aparılan rəy sorğularında sosialistlərin liderinin reytinqi 63 faizə çatmış və ölkə başçısını tam 26 faiz üstələmişdi. Siyasi müşahidəçilər cənab Ollandın reytinqinin bu qədər aşağı düşməsini seçki kampaniyasını sönük və yeni ideyalarsız keçirməsilə ədaqələndirirlər. Bundan başqa, fransalı ekspertlər sosialistlərin namizədinin elektoratı mobilizə edəcək kifayət qədər xarizmaya malik olmadığını da deyirlər. Məlumat verilir ki, sosialistlər təbliğat kampaniyasını əsasən indiki prezidentin və onun siyasətinin tənqidi üzərində aparırlar və bu tendensiya sıravi seçicini darıxmağa və başqa düşərgələrdəki namizədlər tərəfə boylanmağa vadar edir. Amma cənab Sarkozini təkcə sosialistlər narahat etmir. İfrat sağçılar da mübarizədə qalib gəlməyi düşünürlər. Rəy sorğularında "Milli Cəbhə"nin lideri Marin Le Penin inamla 3-cü yerdə getməsi belə düşünməyə əsas verir. Xanım Le Pen fransızlara Fransanı və xalqın qürurunu qaytarmağı vəd edir. Onun sözlərinə görə, Fransa istər yuxarıdan, istərsə aşağıdan "qarət edilir". Partiya sədri yuxarı dedikdə "maliyyə bazarlarını və spekulyasiya ilə məşğul olan bankları", həmçinin "siyasi elitanı", aşağı dedikdəsə artan cinayətkarlığı nəzərdə tutduğunu açıqlayır. İqtisadi proqramından danışanda isə M. Le Pen deyir ki, dövlətin iqtisadiyyatda rolu gücləndirilməlidir. Onun fikrincə, dövlət nəqliyyat və energetika kimi strateji sahələrdə mütləq mülkiyyətçi olmalıdır. Bundan başqa, partiya sədri proteksionizm siyasətinə üstünlük verdiyini də bildirir. Yəni idxala məhdudiyyət qoyulmasının və gömrük vergilərinin artırılmasının tərəfdarı olduğunu da açıqlayır. Xanım Le Pen Avropanın vahid valyutası olan avroya qarşı da kəskin mövqeyilə tanınır. Onun fikrincə, avro "iqtisadiyyatı boğur". Ultrasağçıların lideri mühacirət məsələsində radikal çıxışlarıyla məşhurdur. O, əmək bazarında və sosial yardımların göstərilməsində fransızlara üstünlük verilməsinin tərəfdarıdır. Göründüyü kimi, indiki prezidenti Marin Le Penin simasında da ciddi rəqiblə mübarizə gözləyir. Lakin mübarizə təkcə Fransua Olland və Marin Le Penlə yekunlaşmır. Sağçı düşərgəni təmsil edən keçmiş xarici işlər naziri Dominik de Vilpen də mübarizə meydanına çıxmağa hazırlaşır. Fransa mətbuatı keçmiş nazirin prezident seçkilərinə qatılmaq barədə bəyanatının sağçıların düşərgəsində şok effekti yaratdığını da bildirir. İndiki prezident komandasında düşünürlər ki, sağçıların siyasi meydanında belə bir siyasətçinin mübarizəyə qoşulmaq istəyinə düşməsi vəziyyəti daha da çətinləşdirəcək. Ona görə ki, cənab de Vilpen seçkilərə qatılarsa, onsuz da pərakəndə halda olan sağçı seçicilərin səslərini apara bilər. Bunu 2002-ci ildə keçirilən prezident seçkilərinin nəticələri də təsdiqləyir. Həmin səsvermədə sağçıların düşərgəsindən də 15-20 faiz səs toplayan Marin Le Pen sosialist Lionel Jospeni qabaqlayaraq, seçkilərin ikinci mərhələsinə çıxmağı bacarmışdı. Fransanın siyasi tarixinə "21 aprel effekti" kimi düşən həmin hadisədən sonra millətçilərin hakimiyyətə gəlməmələri üçün seçicilər ikinci turda sağçıların lideri Jak Şiraka səs verməyə məcbur olmuşdular. Siyasi mütəxəssislər cari ildə baş tutacaq prezident seçkilərində də sözügedən effektin təkrarlanacağını, yəni birinci turda sağçı elektoratın səslərinin müxtəlif siyasi baxışlara malik namizədlər arasında səpələnəcəyini və növbəti mərhələyə Fransua Ollandın və Marin Le Penin çıxacağını istisna etmirlər. Belə bir vəziyyətdə Dominik de Vilpenin də mübarizəyə qoşulması Prezident Nikola Sarkozinin vəziyyətini ağırlaşdıra bilər. Artıq bəzi nazirlər və millət vəkilləri keçmiş naziri namizədliyini irəli sürməməyə çağırırlar. Lakin D.Vilpen geri çəkilməyəcəyini deyir. Beləliklə, Fransa tarixində daha bir mürəkkəb və gərgin mübarizə şəraitində keçəcək seçkilər mühitinə daxil olur. Hansı namizədin qalib gələcəyini demək hələlik çox çətindir. Bununla belə, siyasi müşahidəçilər indiki prezidentin başlıca məqsədinin ikinci tura çıxmaqdan ibarət olacağını deyirlər. Əgər belə bir şans əldən verilərsə, o zaman çox güman ki, Fransaya 16 ildən sonra sosialist rəhbərlik etməyə başlayacaq. E.Rza Baxış sayı: 54 |
Xəbərlər
Bloqlar |