Avropada böhran təhlükəli həddə yaxınlaşır
Şənbə, 21 Yanvar 2012
![]()
Ötən həftənin şənbə günü avropalılar üçün daha bir "sürpriz" edildi. Belə ki, "Standard&Poor's" reytinq agentliyi avrozonaya daxil olan 9 ölkənin kredit reytinqini mənfiyə doğru nəzərdən keçirdi. Avropa Birliyinin ikinci ən böyük iqtisadiyyatına malik Fransanın da kredit reytinqini aşağı salmaqla, məşhur agentlik "köhnə dünya" sakinlərini növbəti xoşagəlməz anlar yaşamağa vadar etdi. Bundan başqa, "Standard&Poor's" təşkilatının qiymətləndirməsi Avropa, eləcə də dünya iqtisadiyyatının cari ildə inkişaf perspektivləri ətrafında aparılan müzakirələrin daha da ciddiləşməsinə təkan verdi. Əslində "Standard&Poor's" agentliyinin qərarını gözlənilməz addım kimi qiymətləndirmək çətindir. Ona görə ki, agentlik hələ ötən il belə bir xəbərdarlıqla çıxış etmişdi. Bununla belə, ötən həftənin cümə günü axşamadək məlum deyildi ki, "Standard&Poor's"un analitikləri siyasi motivlərə görə Fransanın kredit reytinqini AAA səviyyəsində saxlayacaq, yoxsa daha irəliyə gedəcək. Buna görə də mütəxəssislər agentliyin belə bir addım atacağını güman etsələr də, qiymətləndirmənin neçə ölkəni əhatə edəcəyini bilmirdilər. Elan edilən qərar avrozonanın15 ölkəsindən 9-nu əhatə etdi, ancaq iqtisadçılar qiymətləndirmənin avrozonanın tam 17 ölkəsinə təsir göstərdiyini açıqladılar. Yanvar ayının 13-dən etibarən avrozonaya daxil olan ölkələrdən Almaniya, Niderland Krallığı, Lüksemburq və Finlandiya mümkün reytinqlərdən ən yüksək səviyyəni saxlamağı bacardılar. Fransanın reytinqi AA+, İtaliyanın reytinqisə A-dan BBB+ səviyyəsinə endirildi. Ən yüksək reytinqdən məhrum olan ölkələrdən biri də Avstriya oldu. İspaniyanın da vəziyyəti yaxşı deyil. "Standard&Poor's" agentliyi bu ölkənin kredit reytinqini A səviyyəsinədək aşağı saldı. Almaniyadan başqa yalnız iki ölkə - Slovakiya və Yunanıstan yaxın gələcək barədə əndişə keçirməyə biləcək.Yəni slovaklar proqnozların sabit olmasından, yunanlarsa səviyyənin onsuz da aşağı olmasından narahatlıq keçirməkdən uzaq olacaqlar. Hazırda Yunanıstanın kredit reytinqi CCC səviyyəsindədir və indi bu səviyyə yalnız defolt mənasını verən nöqtəyədək düşə bilər. Bəs "Standard&Poor's" agentliyinin qərarının ümumi mənasını necə açıqlamaq olar? Mütəxəssislərin fikrincə, agentliyin qiymətləndirməsindən belə nəticəyə gəlmək olur ki, 2012-ci ilin yanvar ayına olan vəziyyətə görə borc böhranı avrozonada yalnız bir etibarlı iqtisadiyyatdan-Almaniya iqtisadiyyatından yan keçir və yalnız almanlar dövlət borcu məsələsində sabitliyə ümid edə bilərlər. Analitiklər deyirlər ki, belə vəziyyətdə ancaq Almaniya borc böhranında çabalayan avrozona ölkələrinə yardım etmək iqtidarındadır və yalnız rəsmi Berlin Avropada münasib faizlərlə borc götürmək gücündə olacaq. Bundan başqa, iqtisadçılar deyirlər ki, "Standard&Poor's" təşkilatının qərarı Avropa Birliyində uzun illər təkzib edilən reallığı maddələşdirdikcə PİİGS ölkələri (Portuqaliya, İrlandiya, İtaliya, Yunanıstan, İspaniya) deyil, həmçinin valyuta birliyinin bütün iştirakçı ölkələri də avrozonanın periferiyasına çevrilir. Analitiklərin fikrincə, Fransanın kredit reytinqinin aşağı salınması Avropanın hakimiyyət orqanları tərəfindən son iki il ərzində səbrlə yaradılmış maliyyə sabitliyinin mexanizmlərinin ikinci dayağını sıradan çıxarır. Nəhayət, "Standard&Poor's" və digər aparıcı reytinq agentlikləri dəfələrlə bildirmişdilər ki, Avropa Maliyyə Sabitliyi Fondunun (AMSF) kredit reytinqi avrozonanın 6 əsas ölkəsinin maksimal kredit qiymətləndirilməsindən asılıdır. İndi belə ölkələrin sayı 4-ə düşdü, bununla yanaşı, Fransa sıradan çıxdı, halbuki rəsmi Parisin AMSF-də zəmanətli payı 440 milyard avroya bərabərdir. Aradan 3 gün keçəndən sonra agentlik AMSF-in reytinqini aşağı saldı. Hələ ötən ayda "Standard&Poor's" AMSF-in kredit reytinqini aşağı salmağa hazırlaşdığı siyahıda yerləşdirmişdi. Budur, problemli ölkələri xilas etməyə çalışan AMSF özü problemlə üzləşdi. Mütəxəssislər də deyirdilər ki, agentliyin atdığı addımın yaratdığı problemlərdən biri məhz AMSF-in reytinqilə bağlı olacaq. Məsələ ondadır ki, yanvarın 17-dək AAA reytinqinə malik fond Yunanıstanın, İrlandiyanın və Portuqaliyanın açıq birjalarında əldə etdiyi səhmləri maliyyə köməyi şəklində müxtəlif instansiyalara yönləndirirdi. Amma indi reytinqin aşağı salınması AMSF-in səhmlərini bahalaşdırmaqla onsuz da ağır olan Yunanıstanın və Portuqaliyanın maliyyə vəziyyətlərinə birbaşa mənfi təsir törədəcək. Artıq Yunanıstanın şəxsi səhmdarlarının iki ildir defolt həddində titrəyən Yunanıstan hökumətilə borcların restrukturazasiyası barədə danışıqları ötən cümə dayandırması barədə məlumatlar verilir. Rəsmi Afina borcların silinməsi barədə martın 20-dək razılıq əldə etməlidir, yəni yunanlar həmin müddətək 14,5 milyard avro məbləğində olan borcun ətrafında yaranmış qaranlıq vəziyyətə aydınlıq gətirməlidirlər, əks halda, avrozonada ilk defoltun gurultusunu eşitməli olacağıq. "Standard&Poor's"un qərarından sonra yaranacaq ikinci problem daha çox Fransanın Avropa Birliyi və avrozona məsələlərində Almaniya ilə simvolik "bərabərlikdən" məhrum olmasıdır. Mütəxəssislərin fikrincə, 5-ci respublikanın belə statusdan məhrum olmasının siyasi effekti daha çox qabaracaq. Belə ki, son yarım il ərzində Fransa və Almaniya avrozonada yaranmış son iqtisadi-siyasi problemləri birlikdə həll etməyə və hazırlanmış layihələrin birlik daxilində qəbul olunmasına çalışırdı. İndisə Fransanın özü problemləri baş qaldırmağa başlayan ölkə kimi meydana çıxır və belə bir vəziyyətdə Avropa Birliyinin xilaskarı rolunda çıxış edə biləcək yeganə ölkə Almaniya qalır. Kredit reytinqinin aşağı salınmasından sonra rəsmi Parisin Avropa Birliyinin və avrozonanın yaxın gələcəyilə bağlı atılacaq addımlarda payının azalmasıyla barışıb-barışmayacağını yaxın gələcəkdə müşahidə edəcəyik. Amma bəzi mütəxəssislər deyirlər ki, Almaniya da avrozonanı bürüyən borc böhranını təkbaşına həll etmək iqtidarında deyil. Xüsusilə də "Standard&Poor's" agentliyinin ötən il dünyanın ən böyük iqtisadiyyatına malik ölkənin-ABŞ-ın kredit reytinqini AAA-dan AA+ səviyyəsinə salmasından sonra Almaniyanın "köhnə dünya"nın xilaskarı rolunda çıxış etməsi xeyli çətin görünür. Böyük Britaniyanın və Yaponiyanın da kredit reytinqinin aşağı salınması barədə müzakirələrin aparıldığı bir vaxtda almanların belə bir ağır yükün altına girəcəkləri şübhə doğurur. Çünki miqyas həddən artıq böyükdür. Buna görə də ehtimal etmək olar ki, beynəlxalq ictimaiyyət Avropa Birliyini titrədən borc böhranından daha çox dünya maliyyə böhranının yeni mərhələsini müzakirə etməyə başlayacaq. "Standard&Poor's" agentliyi də bildirir ki, 2011-ci il son böhran ili olmayacaq. Bir sözlə, avrozonanın problemli ölkələrinin xilas edilməsi variantının baş tutmadığını demək olar. Ona görə ki, avrozonanın, demək olar, bütün ölkələrində problem müşahidə olunur. AMSF-in kredit reytinqinin də aşağı salınmasından sonra Avropanın maliyyə bazarlarında vəziyyətin daha da gərginləşəcəyi güman edilir. İndi avropalıların hansı xilas variantına əl atacaqları maraqla gözlənilir. E.Rza Baxış sayı: 37 |
Xəbərlər
Bloqlar |