2012-Dünya iqtisadiyyatını nə gözləyir?
Bazar ertəsi, 09 Yanvar 2012
![]()
Dünya növbəti ilə qaraşıq hisslərlə və ümidlərlə qədəm qoydu. Bəs, yeni ildə bəşəriyyəti nə gözləyir? Proqnozlar müxtəlifdir və deyilən ehtimalların arasında gələcəyə ümidlə baxmağa vadar edənlər də var, həyəcanlanmağa əsas verənlər də. Amma yüksək vəzifəli məmurun dilindən səsləndirilən narahatlıqla dolu proqnoz gələcəyə daha ürkək nəzərlə baxmağa məcbur edir. İnsanları daha çox iqtisadi gələcək maraqlandırır. Təbii ki, potensial münaqişə ocaqları və gözərməkdə olan qarşıdurmalar da hamını əndişələndirir. Ancaq etiraf etmək lazım gəlir ki, iqtisadi gələcəklə bağlı yüksək tribunalardan verilən proqnozlar daha diqqətlə dinlənilir və narahatlıq keçirməyə səbəb olur. Dediyimizə sübut kimi, Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqardın ötən ayın ortalarında səsləndirdiyi fikirləri göstərmək olar. Xanım Laqard xəbərdarlıq etmişdi ki, ölkələr koordinasiyalı əməkdaşlıq etməsə, böyük iqtisadi böhrandan qaçmaq mümkün olmayacaq: “Dünyanın heç bir ölkəsi, istər azgəlirli, istərsə çoxgəlirli olsun, nəinki inkişaf edən, hətta böyüyən böhrandan sığorta olunmayıb”. BVF rəhbərinin sözlərinə görə, bu, hansısa bir qrup ölkənin həll edəcəyi böhran deyil və beynəlxalq ictimaiyyət birlikdə əməkdaşlıq etməkdən yayınarsa, dünya iqtisadiyyatını azalma, artan proteksionizm və təcrid gözləyir. “Bu, ötən əsrin 30-cu illərində baş vermiş böhranın dəqiq təsviridir. Və həmin böhrandan sonra bizim heç arzulamadığımız hadisələr baş vermişdi”,-deyən xanım Laqard 1929-cu ildə ABŞ-da başlanmış və tarixə Böyük Depressiya kimi düşmüş iqtisadi böhranı xatırlamağı tövsiyə etmişdi. Xatırladaq ki, həmin iqtisadi böhran nəticəsində sənaye istehsalının səviyyəsi 30 il geriyə atılmış, inkişaf etmiş ölkələrdə işsizlərin sayısa 30 milyon nəfərə çatmışdı. K.Laqardın fikrincə, böhranın həllində liderlik rolunu Avropa olmalıdır. Onun sözlərinə görə, öncə böhranın mərkəzindən başlamaq lazımdır. “Bu əsl Qordi düyünüdür və mütləq açılmalıdır. Onunla bacardıqca kollektiv güclə mübarizə aparılmalıdır”,-deyən BVF rəhbəri əlavə etmişdi ki, aparılacaq mübarizədə beynəlxalq ictimaiyyətin də dəstək göstərməsi vacibdir. Xatırladaq ki, ötən ayın əvvəlində Avropa ölkələrinin liderləri böhranla üzləşmiş avrozona ölkələrinə 200 milyard dollar yardım göstərmək barədə qərar qəbul etmişdilər. Hazırda Fond əlavə maliyyə yardımı ayrılıması barədə Avropa Birliyinin ölkələrilə danışıqlar aparır. Dünyanın digər maliyyə mərkəzlərindən də kömək göstəriləcəyi gözlənilir. Fondun rəhbərinin Vaşinqtonda həmin çıxışı dünyada narahatlıqla qarşılanmışdı. Bəzi mütəxəssislər də belə yüksək vəzifəli şəxsin böhran barədə fikirlərini beynəlxalq ictimaiyyətə ünvanlanmış “sərt xəbərdarlıq” kimi qiymətləndirmişdilər. Bəs, xanım Laqardın fikirlərilə bütün mütəxəssislərmi razılaşırlar? Həqiqətənmi, dünya ikinci Böyük Depressiya ilə üzləşə bilər? Doğruusu, xanım Laqardın fikirlərində nə qədər haqlı olduğuna etiraz edən mütəxəssis də ortada görünmür. Çünki nüfuzlu təşkilata rəhbərlik edən şəxsin belə həssas məsələ barədə dediklərini sıradan bir proqnoz kimi qiymətləndirmək üçün ciddi əsas da yoxdur. Amma bəzi mütəxəssislərin 2012-ci ildə Avropa Birliyinə daxil olan ölkələrin iqtisadi həyatında cərəyan edəcək proseslər barədə verdikləri proqnozlara nəzər yetirdikdə belə qərar gəlmək olur ki, “köhnə dünya” “nəfəsini” hiss etdirməyə başlamış iqtisadi böhranın həllində aparıcı rol oynamaqda çox çətinlik çəkəcək. Məsələn, almaniyalı mütəxəssislər Avropa Birliyinin iqtisadi lokomotivi rolunda çıxış edən Almaniyada iqtisadi vəziyyətin o qədər pis olmadığını bildirməklə yanaşı, ölkə əhalisinin gələcəyə ürkək nəzərlərlə baxdığını da açıqlayırlar. Almanların sabaha olan inamsızlıqlarını avrozonada baş qaldırmış borc böhranıyla və mümkün inflyasiya qorxusuyla izah etməyə üstünlük verirlər. Son proqnozlara görə, Almaniyada 2012-ci ildə Ümumi Daxili Məhsul istehsalında artım daxili istehlak sayəsində 0,6 faiz təşkil edəcək. Əmək bazarında da gur fəaliyyət hiss oluunmayacaq. Bunlara əsasən də araşdırma mərkəzlərinin mütəxəssisləri deyirlər ki, Almaniya böhranın qısamüddətli olacağına inamını itirib və anlayır ki, söhbət avrozonada yaranmış struktur böhrandan gedir. Buna görə də, alman mütəxəssislər avrozonada kiçik iqtisadi durğunluğun yaranacağını da istisna etmirlər. Məsələn, “Deutsche Bank”ın analitiki Ştefan Şneyderin hesablamalarına görə, avrozonaya daxil olan ölkələrin ümumi iqtisadi potensialı 2012-i ildə 0,5 faiz azalacaq. Amma almaniyalı mütəxəssis ABŞ-da 2 faizlik iqtisadi artım olacağını proqnozlaşdırır. Nüfuzlu “Reuters” agentliyinin tannımış iqtisadçılar arasında apardığı sorğuda da Avropanı səbatsız iqtisadi gələcək gözlədiyi açıqlanıb. Amma agentliyin sual verdiyi ekspertlərin böyük əksəriyyəti belə düşünür ki, avrozonada baş vermiş borc böhranı dünya böhranına çevrilməyəcək. Bununla belə, iqtisadçıların əksəriyyəti hesab edir ki, yeni ildə inkişaf etmiş ölkələrin iqtisadiyyatı durğunluqla üzləşəcək, dünya bazarları az böyücəcək, neftin qiymətləri də 105-110 dollar arasında dəyişəcək. Mütəxəssislərin əksəriyyəti ehtimal edir ki, inkişaf etməkdə olan ölkələrin sayəsində dünya iqtisadiyyatında ciddi mənfi tendensiyalar müşahidə edilməyəcək. Məsələn, “Standard Chartered Bank”ın mütəxəssisi Gerard Layons bildirir ki, 2012-ci ilin ilk yarımilində Avropa dünya iqtisadiyyatını aşağı çəkəcək, ancaq ikinci yarımildə Çin və Braziliya dünya iqtisadiyyatını yuxarıya qaldıracaq. Mütəxəssislər qeyd edirlər ki, ABŞ iqtisadiyyatı 2012-ci ildə özünü yaxşı hiss edəcək. “Reuters”in sorduğu mütəxəssislərin əksəriyyəti belə düşünür ki, okeanın o tayında iqtisadi artım 2-2,2 faiz civarında olacaq. Bir sözlə, 2012-ci ildə dünya iqtisadiyyatının perspektivləri aydındır: Avropada durğunluq, ABŞ-da solğun artım, inkişaf etməkdə olan ölkələrdəsə hissediləcək yüksəliş baş verəcək. Yaxın Şərq regionunda hadisələrin mənfi yöndə inkişaf edəcəyi təqdirdə dünya iqtisadiyyatının qeyri-müəyyən istiqamətə doğru irəliləyəcəyini proqnozlaşdırmaq olar. Əsas odur ki, xanım Laqardın məsləhət gördüyü kimi, beynəlxalq ictimaiyyət geosiyasi risklərin fonunda böhranın dərinləşməməsi üçün əməkdaşlığın səviyyəsini azaltmasınlar. O zaman dünya daha böyük siyasi-iqtisadi böhrandan yan keçməyi bacara biləcək. E.Rza Baxış sayı: 75 |
Xəbərlər
Bloqlar |