Avrozonanı nə gözləyir?
Çərşənbə axşamı, 20 Dekabr 2011
![]()
Avropa Birliyinin maliyyə vəziyyəti ağır olaraq qalır. Vəziyyəti nəzarət altında saxlamaq məqsədilə birliyin maliyyə dairələrinin rəsmiləri borc böhranı ətrafında ciddi müzakirələr aparmaqla vəziyyəti nəzarət altında saxlamağa çalışırlar. Amma son vaxtlar İtaliyanın və İspaniyanın maliyyə bazarlarında baş verənlər “Köhnə Dünya”da təşkilatın maliyyə gələcəyi barədə əndişələri artırır. Mütəxəssislərin yekdil fikri budur ki, borc böhranı dərinləşərsə, Avropa Birliyinin təşkilat kimi gələcəyi sual altına düşəcək və belə bir ssenari artıq fantastika kimi də qəbul edilmir. Avropa Birliyinə daxil olan ölkələrin liderləri dekabrın 8-də Fransanın Marsel şəhərində keçirilən ikigünlük sammit ərəfəsində etiraf etmişdilər ki, bu toplantı avrozonanı xilas etmək üçün son şansdır. Məsələn, Fransa prezidenti Nikolya Sarkozi jurnalistlərə bildirmişdi ki, avrozonanın dağılma riski heç vaxt indiki qədər böyük olmamışdı. Almaniya kansleri Angela Merkel də sammitöncəsi çıxışında Avropa Birliyinin xilası naminə ölkə liderlərini şəxsi və milli ambisiyaları unudaraq Lissabon müqaviləsinə təklif olunan dəyişiklikləri qəbul etməyə cağırmışdı. Lakin sammitin ilk günündə məlum oldu ki, Avropa Birliyinə daxil olan ölkələrin heç də hamısı Almaniya və Fransa liderlərinin təklif etdikləri addımları atmağa razı deyil. Əslində təklifin yekdilliklə qəbul olunacağını mütəxəssislər də istisna edirdilər. Məsələn, Böyük Britaniyanın baş naziri Devid Kemeron Marselə səfəri ərəfəsində bildirmişdi ki, ölkəsinin milli maraqları gözlənilməyən AB-nin yenidən hazırlanmış müqaviləsinə imza atmayacaq. “Dumanlı Albion”un lideri açıq şəkildə demişdi ki, Fransada keçiriləcək sammitdə Britaniyanın milli maraqlarını müdafiə edəcək. Belə də oldu. Rəsmi London Almaniya və Fransadan istədiyi zəmanətləri almadağına görə Marsel sammitində yekun təklifi dəstəkləmədi. D.Kemeron addımını belə izah etdi: “Zəmanət verilmədən müqavilə daxilində saziş imzalamaq lazım deyil, yaxşısı budur ki, avrozoyana daxil olan ölkələr müstəqil şəkildə toparlansınlar”. Britaniya liderinin vetosu təşkilatın tarixi sammit kimi qiymətləndirilən toplantısında avronun problemini 27 ölkə yox, 17 ölkə tərəfindən həll edilməsi barədə qərar verilməsinə səbəb oldu. Rəsmi Londonun mövqeyini tənqid edən Fransa prezidenti Nikolya Sarkozi toplantıdan sonra jurnalistlərə açıqlamasında bildirdi ki, britaniyalı baş nazirin təklifi qəbuledilməzdir və avronun problemi 17 ölkə arasında imzalanacaq hökumətlərarası müqavilə əsasında həll olunacaq. Yeni müqaviləyə əsasən, 2012-ci ilin iyul ayından etibarən avrozonaya daxil 17 ölkədə maliyyə sabitliyini qoruyacaq daimi mexanizm tətbiq ediləcək. Bundan başqa, AB avrozonada büdcə kəsirinin Ümumi Daxili Məhsul istehsalının 0,5 faiz səviyyəsində məhdudlaşdırılmasına və bu səviyyənin milli qanunlarda əks olunmasına qərar verdi. Bəs, bundan sonra nə olacaq? Böyük Brinaniyanın kənara çəkilməsindən sonra AB-nin digər üzvləri Almaniya-Fransa liderliyi altında hazırda arzulanan nöqtəyə çata biləcəklərmi? Birmənalı cavab vermək çətindir. Amma bəzi ssenarilər dolaşır. Məsələn, məşhur “PricewaterhouseSoopers” (“PwC”) audit təşkilatı dörd ssenari irəli sürür. Birinci ssenari ondan ibarətdir ki, avrozonada pul kütləsi artırılacaq və bu addım da qısamüddətli perspektivdə iqtisadi durğunluqdan qaçmağa imkan verəcək. Ancaq mütəxəssislər deyirlər ki, pul kütləsinin artması avrozonada inflyasiyanın böyüməsinə səbəb olacaq. “PwC”nin digər ssenarisi planlı defoltla bağlıdır. Yəni təşkilatın mütəxəssisləri düşünürlər ki, AB-nin problemli ölkələrində planlı defolt elan edilə bilər. Belə bir addımın borc məbləğini tədricən azaltmağa və durğunluğun 2 ildən 5 ilədək uzanmasına, o cümlədən avrozonada ÜDM səviyyəsinin təqribən 5 faiz aşağı düşməsinə kömək edəcəyi düşünülür. Dördüncü mümkün ssenarinin Yunanıstanın avrozonadan çıxmasından ibarət olduğu bildirilir. “PwC” güman edir ki, rəsmi Afinanın belə bir addımından sonra yeni yunan valyutasının sürətli devalvasiyası (milli valyutanın xarici valyutalara nəzərən məzənnəsinin ucuzlaşdırılması) və sürətli inflyasiya artımı baş verəcək. Avrozona da sərt maliyyə tədbirləri sayəsində avronun müdafiə edilməsi üçün yeni üsullar axtarmağa məcbur olacaq. Lakin sərt maliyyə tədbilərinə baxmayaraq, AB iki il davam edəcək iqtisadi durğunluqdan qaça bilməyəcək. “PwC”nin sonuncu, dördüncü variantı budur ki, avrozonada yeni valyuta ittifaqı yaradıla bilər. Avrozonanın indiki zəif vəziyyətə düşməsini qəbul edən Almaniya və Fransa tərəfindən daha sərt tənzimlənən yeni valyuta birliyinin təsis olunması mümkündür. Belə bir valyuta yaradılacağı təqdirdə, onun məzənnəsinin kəskin artacağı və avrozona ölkələrinin daxili bazarlarında tələbatın yüksələcəyi güman edilir. Avrozonadan uzaqlaşdırılan ölkələr isə kəskin valyuta devalvasiyası və ağır iqtisadi böhran yaşamağa məhkum olacaq. Təbii ki, bütün bunlar ehtimallardır. Ancaq sadalanan variantları birləşdirən ümumi cəhət var. Hər bir variantın həyata keçirilməsi istər avrozonada, istərsə dünyanın digər bölgələrində qeyri-sabitliklə müşayiət olunacaq. Mütəxəssislər deyirlər ki, bütün bu variantların gercəkləşəcəyi təqdirdə, onların təsiri avrozonadan kənara çıxaraq, 2012-ci ildə müxtəlif bölgələrdə yerləşən ölkələrin siyasi-iqtisadi vəziyyətinə müxtəlif dərəcədə təsir göstərəcək. Maliyyə analitikləri əmindirlər ki, istənilən halda borc böhranından çıxmaq üçün yeni maliyyə reallığına keçilməsi qaçılmazdır və bir çox ölkə, ilk növbədə “Köhnə Dünya” belə sərt enişin şahidi olacaq. E.Rza Baxış sayı: 134 |
Xəbərlər
Bloqlar |