21 May 2012      
RU

Borc böhranı Avropanı silkələyir

Çərşənbə, 21 Sentyabr 2011
Çap PDF faylını al

Avropa Birliyinin "körpəsi"- avro böyük təhlükənin astanasındadır. Belə ki, Yunanıstanın borc böhranında çabalaması üzündən avronun gələcəyi də naməlum qalır. Avropanın aparıcı banklarının yardım məqsədilə mərkəzi banklara müraciət etməsi isə vəziyyətin daha da çətinləşəcəyini göstərir. Dünyanın yeni maliyyə böhranıyla üzləşməməsi üçün aparıcı mərkəzi maliyyə qurumları sakitləşdirici bəyanatlar verir. Amma bəzi mütəxəssislər bunun keçici olduğuna inanırlar.

Sentyabrın 16-da ABŞ-ın nüfuzlu "Nyu-York Tayms" qəzetində dərc edilən materialda iddia olunur ki, mərkəzi bankların regionlara tələb olunan məbləğdə dollar göndərmək cəhdlərinə baxmayaraq, avrozonada gərginlik artır. Belə ki, ötən çərşənbə Avropa Mərkəzi Bankının (AMB) yaydığı məlumatda Avropanın iki böyük bankının 575 milyon dollar kredit almaq xahişilə müraciət etdiyini bildirib. Bankların adları açıqlanmadı. Bununla belə, "Nyu-York Tayms" yazır ki, Avropa banklarının kredit arxasınca AMB-ə müraciət etməsi Yunanıstan, İrlandiya və digər Avropa ölkələrinin borc problemlərilə bağlı yaranmış qorxunun daha geniş əraziləri əhatə etməyə başladığını göstərir. Kredit növbəsinə dayananlar sırasında Avropanın iri energetika və xammal şirkətlərinin də olduğu iddia edilir. "Nyu-York Tayms" ehtimal edir ki, Avropanın böyük şirkətləri avrozonada yarana biləcək maliyyə çatışmazlığına hazır olmaq üçün kredit almağa tələsirlər.

Belə bir ssenarinin gerçəkləşməməsi üçün də Avropa Mərkəzi Bankı, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES), İngiltərə Bankı və Yaponiya, o cümlədən İsveçrə Mərkəzi Bankı ötən cümə axşamı borc böhranıyla birlikdə mübarizə aparılacığını elan etdi. İlk addım kimi, ilin sonunadək hər ayın müəyyən edilmiş günündə üç ay müddətinə kredit verilməsilə bağlı tender keçiriləcək. Məlumat verilir ki, belə bir tenderin keçirilməsi dolların likvidliyini artıracaq və Avropa banklarının qısamüddətli kreditlər və banklararası istiqrazlar əldə etmələrinə şərait yaradacaq. Belə bir xəbərin yayılması Avropanın maliyyə bazarlarına müsbət təsir göstərdi. Hətta bəzi maliyyə analitikləri bazarlarda müşahidə edilən gərginliyin getdikcə azaldığını açıqlamağa da tələsdilər.

Amma mərkəzi bankların atmağa hazırlaşdığı addımın problemi kökündən həll edəcəyinə inanmayan mütəxəsislər də az deyil. Məsələn, məşhur "UBS" bankının valyuta strategiyası departamentinin direktoru Ceffri Yu hesab edir ki, mərkəzi bankların cəhdlərinə baxmayaraq, hökumətlər borc böhranını həll etməyənədək banklar likvidlik asılılığından xilas ola bilməyəcəklər. "Bu qərar heç nəyi dəyişmir", - deyən C.Yu əlavə edir ki, kreditlərin verilməsi banklara yaxın bir neçə ay kömək edəcək. Mütəxəssisin fikrincə, son nəticədə borc böhranı probleminə tam cavab tapılmayanadək Avropanın bank sektorunda gərginlik qalacaq. Digər tanınmış "Sitiqrup" bankının baş valyuta strateqi Qreq Anderson isə hesab edir ki, yeni genişmiqyaslı sarsıntılar baş verərsə, mərkəzi bankların atmağa hazırlaşdığı addımın səmərisi olmayacaq.

Belə bir sarsıntının da hər an baş verəcəyi istisna edilmir. Söhbət borc böhranında çabalayan Yunanıstandan gedir. Hətta bəzi analitiklər vəziyyətin daha təhlükəli hal almasından danışmağa başlayıblar. Məsələn, Böyük Britaniyanın aparıcı qəzetlərindən biri olan "İndependent"in şərhçisi Uittem Smit yazır ki, avrozonanın "xəzinədarı" Almaniyanın səbr kasası daşmaq üzrədir və Yunanıstanın defolt elan ediləcəyi gün uzaqda deyil. Britaniyalı şərhçi iddia edir ki, defolt gələn həftə və ya tezliklə baş verə bilər. Gələn həftənin birinci günü Avropa nümayəndələrinin Afinaya səfər edəcəklərini və Yunanıstana 8 milyard avro məbləğində növbəti kredit ayrılması məsələsinə aydınlıq gətirəcəklərini vurğulayan U.Smit düşünür ki, hadisələrin gedişatı Almaniyanın narazılığını getdikcə artırır. Şərhçi Almaniya mətbuatının Yunanıstan böhranıyla bağlı sərt mövqe tutduğunu da vurğulayır. Müəllif almanların yükün həddən artıq ağır olduğuna eyham vurduqlarına toxunur.

Son illər dünya iqtisadiyyatının lokomotivi rolunu oynayan Çin Xalq Respublikası da "Köhnə Dünya"nın borclarını maliyyələşdirməyəcəyini açıqlayır. Halbuki analitiklər çinlilərin Avropaya yardım edəcəkləri barədə fikirlər səsləndirirdilər. Elə Çindən də belə bəyanatlar verilirdi. Lakin indi məlum olur ki, Çin Avropanın borc probleminin altına girməyə tələsmir. Ölkənin dövlət şurasının baş naziri Ven Tsyabao aydın şəkildə bildirdi ki, avropalılar maliyyə sahəsində problemləri tənzimləməsələr, Çin Avropa iqtisadiyyatını dəstəkləməyəcək. V.Tsyabaonun sözlərinə görə, maliyyə məsuliyyətsizliyi borc böhranının yayılma təhlükəsini artırır və inkişaf etmiş ölkələr məsuliyyətli maliyyə və monetar siyasət həyata keçirməlidir. Çin rəsmisi ABŞ-ı da büdcə və maliyyə sabitliyini saxlamağa, o cümlədən qlobal sərmayədarların maraqlarını təmin etməyə çağırıb. Xatırladaq ki, 3,2 trilyon dollar valyuta ehtiyatına malik Çin hazırda ABŞ-ın ən böyük kreditorudur və borc böhranının yayılmasının dollara da ciddi təhlükə yarada biləcəyini düşünən rəsmi Pekin belə çağırışlara yer verir.

Hələlik Avropa hökumətləri vəziyyətin nəzarətdən çıxmamasına çalışırlar. Avropa Birliyinin aparıcı dövlət başçıları intensiv görüşlər keçirərək, Yunanıstan "atəşinin" kontinentə yayılmasının qarşısını almağa cəhd göstərirlər. Buna nə dərəcədə nail olacaqlarını demək çətindir. Amma bunu əminliklə demək olar ki, Yunanıstan batarsa, dünya maliyyə bazarları şoka girəcək və bunun əks-sədası uzun müddət eşidilməkdə davam edəcək.

E.Rza



Baxış sayı: 221

ARXIV

< Sentyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 22 23 24 25
26 27 28 29 30    

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%