21 May 2012      
RU

Azərbaycan ailələri niyə dağılır?

Bazar ertəsi, 27 Sentyabr 2010
Çap PDF faylını al

Ailə qurarkən boşanmaq üçün səbəbləri necə yaradırıq?

Yüksələn statistika. İntiharlar, qətllər, saysız-hesabsız boşanmalar, dağılan tifaqlar və daha nələr...

Gündəlik medianı izləyən hər kəs sadalanan acınacaqlı durumları və daha artığını ürək ağrısı ilə müşahidə edir. Kriminal və intiharların sonsuz səbəbləri ola bilər. Bizim hamısı ilə işimiz yoxdur. Bu dəqiqə üzərində dayanmaq istədiyimiz və acısını yaşadığımız əsas məqam evlilik və ailə sistemidir.

Müşahidələr və statistik rəqəmlər göstərir ki, son illər ərzində Azərbaycanda boşanmaların, ailə faciələrinin, gənc qadın-kişi intiharlarının və yetimlərin sayı durmadan artır. Problemin əsas səbəbləri kimi də uyğunsuz nigah, məcburi evlilik, qurama ailə sistemi və sair göstərilir. Mütəxəssislərin “SOS” deyə fəryad etməsinə baxmayaraq, heç kim üzləşdiyimiz faciənin fərqində deyil və əksəriyyət “biz atamızdan belə görmüşük, belə də olacağıq” sindromunu davam etdirir.

Bu gün cəmiyyətimizdə ailə qurmağın iki barbar üsulu hakimdir:

- Qızın, yaxud oğlanın razılığını zərrə qədər önəmsəmədən, valideynlərin məcburi evlilik formalaşdırması; - Valideynin, yaxud böyüklərin məsləhətini qulaqardı edərək, gənclərin oyuncaq ailə qurma ənənəsi.

Birinci “vərdiş”in tərəfdarları hesab edirlər ki, dinimiz belə buyurub, dədə-babalarımız belə olub, mentalitetimiz belə tələb edir və biz də belə olmalıyıq. Əvvəla, İslam nə zaman məcburi evliliyi, gənclərin fikrinin qulaqardı edilməsini vacib buyurdu? “Qurani-Kərim” də daxil olmaqla, hansı müqəddəs kitabda bu “qayda”nın tətbiq olunması əmr olunur? Heç birində. Əslində, övladın, xüsusilə qız övladının insan yerinə qoyulmaması İslamın zühurundan əvvəl vəhşi ərəb qəbilələrində mövcud olan bir adət idi. Həzrəti Məhəmmədin (s) ən böyük xidmətlərindən biri məhz ailə məcburiyyətinin və körpə qızların diri-diri basdırılmasının aradan qaldırılması oldu. Halbuki bu gün də bəzi bütpərəst toplumlarda, cahil cəmiyyətlərdə qadınlara, qızlara qarşı barbar qaydalar hökm sürür.

İkincisi, şəxsən mən “Tarixi-Nadiri” yarıyacan oxumuşam, amma mentalitetimizi özündə ehtiva edən dastanlarımızda, nağıllarımızda, folklor nümunələrimizdə, habelə xalq qəhrəmanlarımızın həyatında bu cür məcburiyyətlə rastlaşmamışam. Üçüncüsü, qızını və oğlunu kor-koranə, qol zoruyla gərdəyə soxan və “kişilik” titulunu övladının səadətindən üstün tutan dədə-babam olubsa, mən onlardan imtina edirəm. Və heç vaxt bu cür babaya oxşamayacağımı bəyan edirəm. 21-ci əsrdə yaşayan bu cür valideynləri olsa-olsa, ilkin dövrdə yaranmış arxantroplarla müqayisə etmək olar.

İkinci “vərdiş”in tərəfdarları isə ağına-bozuna baxmadan bütün adət-ənənələrimizin, dini-mənəvi inanclarımızın və klassik ailə sistemimizin üstündən çarpaz xətt çəkib, ağzının suyu axa-axa qloballaşmanın gətirdiyi çılpaq mədəniyyətə heyran olanlardır. Bu axının oğlan nümayəndələri düşünürlər ki, silikon dodaqlardan alacaqları bir busə əxlaqdan, çox cüzi bir hissəsi paltar altında qalan mərmər sinə iffətdən, ətrafı lərzəyə salan zəlzələvari yerişsə ağıldan daha üstündür. Ardınca “podxod”, tanışlıq, tələm-tələsik evlilik və yataq otağı. Bəh-bəh. Daha böyük sözü dinləmək, ağıllı axtarış və məsləhətli qərar, gələcəkdə peyda ola biləcək yaxşı və pis ehtimalların təhlili, nəhayət, ilk gecədən sonra silikon dodaqların altındakı zəhərin üzə çıxması nəyə gərəkdir ki?

Qızların yanaşması daha maraqlıdır. Romantik seriallara baxmaqdan başı dönmüş bu incə məxluqlar özünü qanar-qanmaz “boyfriend ovu”na çıxırlar. Sanki “sevgilisiz olmaqdan ölüm yaxşıdır” deyə mütləq bir qanun var. Oğlan seçimində isə ağıl-kamal, vicdan-namus, qabiliyyət, iş-güc, ailə tərbiyəsi ən son sıradan da sona keçir. Yetər ki, qaqaşın dili olsun və bircə kəlmə “səni sevirəm” desin. Bunu eşitdimi qızın hay-hayı gedir, vay-vayı qalır, atası da qurban olur, anası da həmin oğlana. Dərhal ipini verir oğlanın əlinə və ailənin xəbəri olmadan şadlıq evi seçiminə başlayır. Ya da ən rahatı – qoşulub qaçır. Bunlar serial və şouların formalaşdırdığı yeni insan tipi, yəni “seriasapiens”, yaxud “şousapiens”dir.

Sadaladığımız bütün amillərin nəticəsi olaraq bu gün ölkəmizdə son 8 ildə boşanmaların sayı iki dəfə artaraq, 10 faizə çatıb. İfrat modernizim “qəhrəmanlığıdır” ki, ötən il dünyaya gələn 155 min körpənin 26 min nəfəri nikahdankənar doğulub. Bütpərəst təfəkkürlü valideynlərin və serial xəstəsi gənclərin “əməyinin bəhrəsidir” ki, hər gün neçə-neçə cavan gəlin özünü asır, bəy özünü güllələyir, ər arvadı baltalayır, arvad əri zəhərləyir, gəlin qaynananı boğur, qaynana gəlini bıçaqlayır, kişi arvadını atıb Rusiyaya gedir, arvad ərindən qaçıb başqasının qoynuna sığınır, bu onun ailəsini dağıdır, o bunun.

Əsas problem bilirsiniz nədir? Dəfələrlə yazmışıq, demişik bu nöqsanımızı. Əsas dərd hər sahədə olduğu kimi, evlilik məsələsində də miyanəçiliyi (orta yolu) anlamamağımız, nəticədə ya ifrata, ya da təfritə getməyimizdir. Dəhşətlidir ki, neçə milyon illik yol keçəsən, dünya təkamülünün mərkəzində fırlanasan, gələ-gələ arxantrop valideyndən “seriasapiens” övlada yetişəsən. Orta xətti tutub, bütün ənənəvi və müasir dəyərlərin yaxşı cəhətlərini mənimsəmək əvəzinə, gah ilişib cəhalət erasında qalırıq, gah da müasirlikdə Qərbi keçmək istəyirik. O zaman da ya Soltan bəylərdən, ya da vartanlardan heç bir fərqimiz olmur. Vartan dedim, yadıma bir lətifə düşdü. Yekunlaşdırırq, darıxmayın.

SSRİ-nin qılıncının dalı-qabağı kəsən vaxt Mərkəzi Komitənin ideoloqları ölkəni qarış-qarış gəzib, yeni-yeni “ruhlandırıcı” şüarlar səsləndirirmişlər. Günlərin birində erməni kolxozçularını başına yığan döşü medallı kommunist sovet dövlətinin gələcək uğurlarından danışır. Nitqindən belə çıxır ki, hazırda SSRİ bütün göstəricilərinə görə, dünyada liderdir, sadəcə bəzi sahələrdə ABŞ-a çatmaq üzrədir. Sonda natiq iki yumruğunu da göyə qaldıraraq qışqırır: “Amerikaya çatmalı və ötməli!”. Bu vaxt camaatın arasından qorxa-qorxa bir əl qalxıb söz istəyir. Sədrin razılığından sonra qoca “vartan” deyir: “Yoldaş katib, Amerikaya çatan zaman xəbər verin, mən düşüm. Yoxsa şalvarımın arxasındakı yamaq görünəcək”.

Nihat Tur

Milli.Az

URL: http://www.milli.az/news/society/22048.html



Baxış sayı: 829

ARXIV

< Sentyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
28 29 30      

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%