21 May 2012      
RU

Koko Şanel Nasist agenti idimi?

Cümə, 02 Sentyabr 2011
Çap PDF faylını al

20-ci əsrin ən görkəmli qadınlarından biri olan Koko Şanelin (Coco Chanel) reputasiyası yenidən diqqət mərkəzindədir: bu dəfə onun II Dünya Müharibəsi illərində Fransada nasist agenti kimi fəaliyyət göstərdiyi iddia olunur.

Dünyada milyonlarla insan üçün Şanel adı stil, zənginlik, eleqantlıq, bir neçə adamın geyə bildiyi moda və kütlələrin sevdiyi gündəlik geyimlərlə bağlıdır. Onun uğurları danılmazdır.

Şanelin ilk baxışda tanınan kostyumlarını Windsor Qrafinyasından tutmuş Karla Bruni-Sarkoziyə qədər bir çox moda həvəskarları geyib.

Con Franklin Kennedi 1963-cü ildə Dallasda öldürüləndə xanımı Cəki Kennedinin əynində Şanel istehsalı olan çəhrayı kostyum vardı.

Audrey Hepburnin Tiffanidə Səhər Yeməyi filmində geydiyi, eleqant sadəliyi təmsil edən "kiçik qara don" hər zaman sorğularda ən simvolik geyim olaraq yer alır.

Amma Qabriel "Koko" Şanelin həyatının başqa bir tərəfi də var, bu onun II Dünya Müharibəsi zamanı işğal olunmuş Fransada fəaliyyətilə bağlıdır.

Həmin dövrün digər tanınmışları, o cümlədən müğənnilər Edit Piaf və Mouris Şevalye, yazıçı Jan Kokto və mərhum prezident Fransua Mitteran kimi Şanel də, 1940-cı iin yayında alman qüvvələrinin Fransanı işğalından sonra vətənini tərk etmədi.

Müharibə başa çatandan sonra onun nasistlərlə əlaqələrinə dair şaiyələr yayılmağa başladı.

Düşmənlə Yataqda (Sleeping with the Enemy) adlı yeni çapdan çıxan kitabın müəllifi Hal Voqan deyir ki, Şanelin müharibə dövründə Almaniya hərbi kəşfiyyatına işlədiyi məlum olub.

İşğal dövründə nasist agenti işləmək onun "Paris həyatının bir hissəsi idi", o deyir. "Şanel mükəmməl bir opportunist idi. Nasitlər hakimiyyətdə idi və Şanel də hakimiyyət kimin əlində idisə, ona meyllənirdi. Bu onun həyat hekayəsi idi" - yazıçı deyir.

"Şanel modadan başqa heç nəyə inanmırdı. O, gözəl paltarlara inanırdı, öz biznesinə inanırdı və bunda haqlı idi; onu nə Hitler maraqlandırırdı, nə siyasət, nə də nasizm" - Voqan deyir.

Ritz mehmanxanasının dəbdəbəsinə sığınan- bu o zaman çox az qeyri-almana nəsib olan imtiyaz idi - Şanel müharibə başlayanda Fransada mağazalarını bağlamışdı və ölkəsinin yeni nasist ağaları ilə daim əlaqədə idi.

Yeni üzə çıxan iddialar onun 44 yaşlı alman zabiti, baron Hans Güenter fon Dinklaq ilə eşq macəralarına əsaslanır. Voqan deyir ki, hər bir avtobioqraf onu "pleyboy tennisçi" kimi təsvir edir. "Əslində isə o, pleyboy tennisçi deyildi.

O, professional Abver (alman hərbi kəşfiyyatı) zabiti idi və Fransada 1920-ci ilin sonlarından fəaliyyət göstərirdi".

Yazıçı deyir: "O, Şaneli, Şanel də onu manipulyasiya edirdi". 57 yaşlı Şanelin Ritz mehmanxanasında qalmasına yardım edən və onun işğalçı hakimiyyətlə biznes əlaqələrini idarə edən şəxs fon Dinklaq idi.

Əvəzində Abver Şaneli "Vestminster" ləqəbli Agent F-7124 kimi qeydiyyatdan keçirmişdi.

Bu ləqəb Şanelin keçmiş sevgilisi olmuş ingilis hersoquna işarə idi. İsrarlı xarakterə malik Şanel bu münasibətlərdən istifadə edərək, qohumu Andre Palassın Almaniyadakı əsir düşərgəsindən qurtulmasına nail oldu.

Bundan başqa, Abver ona Şanel parfyum biznesinə itirdiyi nəzarəti bərpa etmək imkanı yaratdı.

Şanel öz lisenziyasını 1924-cü ildə yəhudi Verteymer qardaşlarına satmışdı. O, nasist "Airyalaşdırma" qanunları əsasında şirkətini geri almağa baş vurdu, amma bilmirdi ki, artıq ABŞ-da yaşayan Verteymerlər şirkətə nəzarəti xristianlara dövr etmişdilər.

Tutqun motivlər Voqanın kitabının Şanelin müharibə illərinə dair yeni təfərrüatlar ortaya çıxarması fikrilə razılaşsa da, yazıçı Castin Pikardi inanır ki, Şanelin motivləri daha incə və həssas idi. Castin Pikardi ötən il dərc olunmuş "Koko Şanel: Əfsanə və Həyat" avtobioqrafik kitabının müəllifidir.

"Onun etdiyi hər şey paradoksal idi. O, çox ziddiyyətli insan idi. Bir tərəfdən o, anti-semit bəyanatlar verirdi. Digər tərəfdən isə, onun ən yaxşı müştəriləri yəhudilər idi, məsələn Rotşildlər kimiləri.

Və onun biznes partnyoru yəhudi idi və müharibədən sonra da biznes partnyoru olmaqda davam elədi".

Bəs Şanel nasist agenti olaraq nə edirdi? Qohumunun azadlığa buraxılacağı barədə vədlərdən sonra, o, almanların xüsusi tapşırığı ilə 1941-ci ilin avqustunda Madridə səyahət etdi.

Onun missiyası əlaqələrindən istifadə edərək siyasi kəşfiyyat məlumatları əldə etmək idi. Voqanın istinad etdiyi sənədə görə, bu səfər Britaniya diplomatı ilə heç bir məna kəsb etməyən banal danışıqlardan başqa bir şey olmadı.

Diplomat sonralar demişdi: "Almanlar fransızları anlaya bilməz və bu da onlarda elə bir nifrət yaradır ki, madmuazel Şanel nələrin baş verə biləcəyindən qorxur".

Voqan deyir ki, Şanel heç zaman casus ola bilməzdi. "Şpion odur ki, fotolar çəkir, sənədlər oğurlayır. Şanel bunları heç zaman eləmədi". "O, vasitəçi idi. İspaniyada, İngiltərədə hər kəsi tanıyırdı və nasistlərə kömək etdi".

Müharibə başa çatandan sonra Şanel İsveçrəyə qaçdı və əməkdaşlıqdan yaxa qurtardı. Voqan deyir ki, bunda Çörçilin müdaxiləsi yardımçı oldu, başqaları isə köməyin Britaniya kral ailəsindən gəldiyini deyir.

1954-cü ildə Parisə qayıdan Şanel moda biznesini yenidən qurmağa başladı və ona bu işdə məhz Pyer Verteymer maliyyə yardımı göstərdi.

Koko Şanel 1971-ci ildə 87 yaşında, onun müharibə illərində yaşadığı evində - Parisdəki Ritz mehmanxanasında öldü. Müharibə və münaqişə hər zaman insanlarda xilas olma instintikini aşkara çıxarır.

Katolik uşaq evindən çıxmış və böyük zənginliyə nail olmuş Koko Şanel xilas olmağı bacarmışdı.

BBC



Baxış sayı: 291

ARXIV

< Sentyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30    

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%