Gözqamaşdırıcı roman: Jan Qaben və Marlen Ditrix
Cümə, 19 Avqust 2011
![]() Marlen Ditrix və Jan Qaben indiyədək ən möhtəşəm cütlüklərdən biri hesab edilir. Onların romanı uzun sürməmişdi, amma hüdudsuz sevgi, parlaq ehtiras, fədakarlıq, qısqanclıq, qürur və xüsusiyyətçilik kimi böyük hiss və emosiyaları özündə gizlətməyi bacarmışdı. Marlen Ditrixlə Jan Qaben İkinci Dünya müharibəsinin ilk illərində tanış olmuşdular. Həmin dövrdə M.Ditrix artıq tanınmış aktrisa idi, ona milyonlar pərəstiş edirdi, onun təbii maqnetizmi və cazibədarlığı barədə əfsanələr dolaşırdı, o, bacarıqla gözəlliyindən və istedadından istifadə edirdi. J.Qaben də hədsiz populyar idi, onun bir qədər kobud sifət cizgiləri, xırıltılı səsi, hərarətli əxlaqı və əminliyi fransız qadınları dəli edirdi. İstedadlarının hüdudlarını genişləndirmək məqsədilə hər ikisi 1941-ci ildə Hollivuda yollanmışdılar. Məhz həmin il “Paris həyatı” adlı kafedə onların ilk görüşü olmuşdu. O zaman M.Ditrix Rudolf Ziberdə ərdə idi, onun hətta Remark və Heminquey kimi şəxslərlə də roman yaşadığı bildirilirdi. Ancaq heç nə onda J.Qabenə qarşı hisslərin oyanmasına mane olmamışdı. J.Qaben onun simasında uzun illərdir axtardığı təkrarolunmaz qadını tapmışdı. M.Ditrix də son günədək J.Qabeni mükəmməl və ideal kişi olaraq sevmişdi. M.Ditrix çox gözəl həyat yoldaşı olmuşdu, işinin çox olmasına baxmayaraq sevdiyi ərinə yemək hazırlamağa da vaxt tapırdı. Hətta fransız dilini də öyrənmişdi. J.Qaben də həyatının məhəbbətini tapdığına əmin olmuşdu. Lakin fransız aktyor M.Ditrixin münasibətləri formal olan ərində boşanmaq istətəməsinə həmişə qısqanclıqla yanaşmışdı. J.Qaben M.Ditrixə sadiq qalmışdı, ancaq vətəninə də vurğun olan aktyor 1943-cü ildə Fransaya qayıdaraq ordu sıralarına qoşulmuşdu. Onu Şimali Afrikaya xidmətə göndərmişdilər, bir qədər sonra da M.Ditrix həyatının ən dəyərli insanının yayına getmişdi. İki sevən ürək eyni kontinentdə döyünmüşdü, ancaq onlara cəmi bir dəfə görüşmək müyəssər olmuşdu. Görüş saniyələr sürmüşdü, lakin bu qısa görüş uzun yuxusuz gecələr, bombardmanlar və daimi risk hesabına baş tutmuşdu. Onları müharibə tanış etmişdi, dünya tarixinin ən dəhşətli illəri bu iki istedadlı şəxsin parlaq məhəbbətinin parlaq xatirələrinə çevrilmişdi. Amma müharibəsən sonra belə görünmüşdü ki, bu ideal məhəbbət tarixə qovuşacaq. J.Qaben artıq Hollivuda can atmırdı, M.Ditrixsə Parisdə şan-şöhrətin ağuşunda darıxırdı. Yeni hisslər ardınca aktrisa yenidən 1946-cı ildə okeanın o tayına yollanır. Bir qədər sonra da sevgilisindən vida məktuba alır. Həmin məktubda J.Qaben onu təkrarolunmaz və yeganə qadın olaraq təsvir edir, həqiqi sevgi tapdığını, ancaq həmişəlik itirdiyini yazır. Beləcə böyük roman səssiz-səmirsiz havada ərimişdi... E.Rza Baxış sayı: 304 |
Xəbərlər
Bloqlar |