21 May 2012      
RU

İqlim dəyişikliyi bəşəriyyətə nə vəd edir?

Cümə, 14 May 2010
Çap PDF faylını al

İqlim dəyişikliyi bəşəriyyətə nə vəd edir?

Dünyanın təqribən 100 il vaxtı var

Son günlər dünyanın müxtəlif regionlarına dair hava proqnozu barədə verilən məlumatlarla tanış olduqda təəccüblənməyə bilmirsən. Dünya istiləşməkdən daha çox soyuyur. Londondan tutmuş Pekinədək hamı qalın qar kütləsilə mübarizə aparır. Sanki dünyada qlobal istiləşmə yox, qlobal buzlaşma prosesi gedir. Əslində bu iki proses biri digərinin nəticəsidir və qarşısı alınmazsa, planetimiz tarixində bəşəriyyət üçün təhlükəli olan mərhələsinə qədəm qoyacaq.

Bu gün artıq çox az adam qlobal istiləşmə faktına inanmır. Çünki elmi dairələr ictimaiyyəti məlumatlandırırlar ki, atmosferdə parnik qazlarının səviyyəsi fasiləsiz artır. Arktikada buzlar sürətlə əriyir. Yer kürəsindəsə havanın temperaturu dayanmadan artır və onun əsrin sonunadək minimum 2 dərəcə artacağı bildirilir. Bununla belə, elmdən uzaq dairələrdə məsələylə bağlı daha çox əfsanə və miflər dövr edir. Hər şeyin öz yoluna düşəcəyinə inananlar iddia edirlər ki, istiləşmə iqlim sistemindəki dəyişikliklərin bir hissəsidir. Ona görə ki, istiləşmə və soyuq iqlim şəraiti əvvəl də bir-birilərini əvəz edib. Faciənin baş verəcəyinə inananlarsa, əksinə, ehtiyat edirlər ki, qlobal istiləşmə hamımızın yeni buz dövrünə atacaq. Bəs, kim haqlıdır? Doğrudanmı bizi qlobal buzlaşma gözləyir, yoxsa deyilənlər, sadəcə, ehtimaldır?

Günah axındadır

Dünyada buzlaşma üçün şərait həmişə olub. Bununla bağlı ilk dəfə ötən əsrin 30-cu illərində astronom və fizik Milyutin Milankoviç məlumat verib. Alimin fikrincə, buzlaşmaya səbəb yaradan faktorlardan biri Yer kürəsinin oxunun çevrədən ellipsə doğru və geriyə dəyişməsidir. Bundan başqa, planetin oxunun əyilmə bucağı da dəyişir və bu azmış kimi, əyilmə bucağı həm də fırlanır. Buna görə də, qütblər Günəşdən qeyri-bərabər istilik alır. Bu dövri dəyişikliklər mütəmadi olaraq baş verir, yəni Yer kürəsini təkcə Günəş deyil, digər kosmik cismləri də cəlb edir. Şimal və Cənub qütblərinin bu dəyişikliklərə reaksiya verdiyi də məlumdur. Ekvatordasa, əksinə, istilik dəyişikliyi daha az hiss olunur, çünki o Günəş tərəfindən bərabər ölçüdə daimi işıqlandırılır. Amma buna baxmayaraq, hazırki buzlaşma yalnız müəyyən anlarda baş verir və Yer kürəsinin tarixində qısa dövrü əhatə edir.

Bununla belə, təqribən 1,8 milyon il öncə Yer kürəsi aşkar və sərt iqlim dəyişiklik tsiklinə daxil olub: istilik fazaları buzlaşma dövrlərilə əvəz edilib. Bəs, niyə belə olub? Amerikalı alim V.Brokerin sözlərinə görə, qütblərdə planet oxunun dəyişməsi üzündən baş verən iqlim dəyişikliklərini gücləndirən faktorlar var və 1,8 milyon il əvvəl məhz bu faktorlar işə düşüb. Həmin vaxt Atlantik və Sakit okeanı birləşdirən Panama boğazı yox olub. Buna qədər Atlantik okeanından su maneəsiz olaraq Sakit okeana tökülüb, Qolfstrim cərəyan sisteminin də formalaşması bu ana təsadüf edir. Məhz bu hadisə planetdə iqlimin istidən soyuğa dəyişməsinə məcbur edib, daha dəqiq desək, iqlimin birindən digərinə dəyişməsinə Qolfstrim sisteminin formalaşması səbəb olub.

Qeyd etmək yerinə düşərdi ki, Qolfstrim cərəyanı tropik və subtropik enliklərdə «Qolfstrim», şimal enlikdə Şimal-Atlantik, qütb enliklərindəsə Norveç cərəyanı adlanır. Məhz qütb enliklərində, obrazlı desək, isti üst suların şimala doğru hərəkət etməsinə şərait yaradan müasir okean dövriyyəsinin mühərriki yerləşir. Bu isti cərəyan suları həddən artıq duzludur və Norveç-Qrenlandiya hövzəsində güclü şəkildə soyuyan zaman onun sıxlığı əhatəsindəki suyun sıxlığından artıq olur. Ağırlıq qüvvəsi sayəsində cərəyan suları dərinliyə enərək cənub istiqamətli dərin sualtı cərəyan formalaşdırır. Bu cərəyan Antarktidanın sahillərinə doğru hərəkət edir, sonrasa şaxələnir. Bir qolu Hind okeanına, digərisə Sakit okeana istiqamətlənir. Lakin hər iki qol sonda yuxarı qalxaraq Karib dənizinə və Meksika körfəzinə qayıdır. Qolfstrim cərəyanı da başlanğıcını buradan götürür. Dairə beləcə qapanır. Buzlaşmaarası dövrdə Dünya okeanında suyun dövriyyəsi də məhz belə baş verir.

Qeyd etmək lazımdır ki, Qərbi Avropanın istilik büdcəsinin 30 faizini Qolfstrim cərəyanı təmin edir. Məhz bu cərəyan sayəsində Avropada qış isti və mülayim keçir. Müqayisə edin: Norveç sahilində yanvar ayında orta aylıq temperatur 0-5 dərəcə olduğu halda, Çukotkada -30-35 dərəcə təşkil edir. Hər iki ərazi eyni enlikdə yerləşməsinə baxmayaraq fərq böyükdur.

Bəs, buz dövrü nədir?

Qütblər az həcmdə Günəş enerjisi aldığı zaman soyumağa başlayır. İsti su istənilən səviyyədə şimali doğru hərəkət edə bilmir, ona görə ki, cənub tərəfdə soyumağa başlayır. Doğrudur, okeanın konveyeri «işləyir», ancaq zəifləmiş rejimdə «çalışır» və orta enliklərdə temperatur 8-10 dərəcə aşağı düşür ki, bu da buz dövrünün üçün şərait yaradır. Yay mövsümü o dərəcədə soyuq olur ki, yuxarı şimal enliklərində başlanması qar yayda tam ərimir və növbəti qışa qalır. Bu da buzlaqların böyüməsinə səbəb olur. Qeyd etmək zəruridir ki, məhz Şimal yarımkürəsi buz dövrünün başlanmasına «cavabdehdir», ona görə ki, Antarktidada buzlaq daima mövcuddur. Antarktidada buz qatının həcmi böyükdür, kontinentin orta hissəsində buz qatının qalınlığı təqribən 4 min metr təşkil edir. Bu buz qatı buzlaşmalarası dövrdə ərimir, lakin buzlaşma dövrlərində həcmcə də böyümür. Məsələ ondadır ki, buz qatı okeanla əhatə olunub, okeanın suyu da buzlaşmır, çünki okeanın həcmi çox böyükdür və su daim yerini dəyişir. Yəni cənub qütbündə buzlaşmalarası dövrdə ərazidə xarici görkəmcə çox az şey dəyişir. Amma Şimal qütbünün ətrafındakı bütün materiklərdə-Şimali Amerikada, Kanada, Polşada, Almaniyada, Baltikyanı ölkələrdə və Asiyada, o cümlədən Rusiya Federasiyasında quru ərazilər güclü buz qatlarına bürünür. Ümumi temperaturun aşağı düşməsi və geniş buz örtüklərinin yaranması planetin mənzərəsini dəyişir. Kontinentlərdə bütki örtüyü dəyişir: enliyarpaqlı meşələr yerini tundra meşələrinə verir. Amma planetin daha çox qütb və qütblərarası əraziləri dəyişikliklərə məruz qalır.

Nə qədər kədərli olsa da, buz dövrləri təxminən 100 min il sürür, yəni 10 min davam edən buzlaşmalararası dövrlərdən daha uzun çəkir. Planetimizin iqlim sisteminin xüsusiyyəti belədir. İndi yaşadığımız buzlaşmalararası dövr artıq 10 min ildir davam edir. Vurğulamaq lazımdır ki, insan sivilizasiyası məhz bu son 10 min il ərzində inkişaf edib. Bəs, bəşəriyyəti qarşıda nə gözləyir?

Bu gün atmosfer sürətlə isinir və bu da buz qatının əriməsinə səbəb olur. Hazırda planetdə iki böyük buzlaq var. Biri qalınlığı 2 kilometrə çatan Qrenlandiyada, digərisə qalınlığı 4 kilometrə çatan Antarktidada yerləşən buzlaqdır. Bundan başqa, Şimal Buzlu okeanda və yüksək dağ buzları da var. Qısası, dünyada əriyəsi çox buz mövcuddur. Buzların əriməsi Dünya okeanının səviyyəsini artırır. Dəniz səviyyəsindən aşağı ərazilərdə yaşayan insanların sayı az deyil və okean sularının səviyyəsinin artması yaşayış üçün böyük təhlükə törədir.

Amma bu da son təhlükə deyil. Buzlaqların üst qatının azalması albedonun səviyyəsini aşağı salır. Albedo-Yer kürəsi səthinin Günəş şüalarını əks etdirmək qabiliyyətidir. Yerin səthi nə qədər parlaq olarsa, Günəş şüalarını bir o qədər əks etdirəcək və nəticədə yer səthi daha az isinəcək. Buzlar Günəş enerjisinin təqribən 80-90 faizini, okeansa cəmi 5 faizini əks etdirir. Artıq qalan 5 faiz udulur və istiləşməyə sərf olunur. Yəni qlobal istiləşmə prosesi daha da sürətlənir.

Bundan başqa, Yer kürəsinin böyük əraziləri əbədi buzlaşmalarla örtülüdür. Yalnız Afrika və Avstriya istisna təşkil edir. Rusiya ərazisinin 65 faizi əbədi buzlaqlardan ibarətdir. Problem ondadır ki, əbədi buzlaqlar karbon qazının və metanın güclü potensial mənbəyidir. Hesablamalara görə, buzlarda cəmləşən karbon qazı hazırda atmosferdə mövcud olan karbon qazından iki dəfə çoxdur. Atmosferin isinməsi də əbədi buzlaqların əriməsini sürətləndirir və bu da karbon qazının və metanın azad olmasına şərait yaradır. Son nəticədə «istixana effekti» güclənir.

Beləliklə, aydın olur ki, qlobal istiləşmə tempi perspektivdə sürətlənəcək. Bəşəriyyətin bu prosesi qlobal fəlakətə çevrilməsi üçün təqribən 100 il vaxtı var. Əks təqdirdə, Arktikada və Qrenlandiyada əriyən iri buzlaq suyu Norveç-Qrenlandiya hövzəsində dəniz suyunun səthini şirinləşdirə və yeni qlobal buzlaşma dövrünün başlanmasına səbəb olmaqla müasir okean dövriyyəsini poza bilər. Doğrudur, son hesablamalar göstərir ki, belə bir ssenarinin gerçəkləşməsi üçün həddən artıq ərimiş buz suyu lazımdır. Amma istənilən halda qlobal istiləşmənin qarşısı alınmasıdır. Yoxsa hadisələrin inkişafı yerüstü canlıların xeyrinə cərəyan etməyəcək.

E.Rza



Baxış sayı: 1054

ARXIV

< May 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%