Ucuz oyuncaq, bahalı xəstəlik
Şənbə, 15 May 2010
![]()
Uşaqlarınızı zəhərlə əhatələməyin! Çin oyuncaqlardan vəhşi heyvan yoxdur! Məhz belə şokedici nəticəyə elə çinlilərin özləri gəliblər. Çin Xalq Respublikasının kütləvi istehlak məhsullarına nəzarət orqanının məlumatlarına görə, ölkə ərazisində istehsal olunan oyuncaqların təqribən 20 faizi keyfiyyət standartlarına cavab vermir. Dəhşətlisi budur ki, iş təkcə oyuncaqların keyfiyyətsiz olmasıyla yekunlaşmır. Çin fabrikalarının istehsal etdiyi oyuncaq məhsulları uşaqların sağlamlığı üçün təhlükəlidir. Xüsusilə də Çinin Hebey vilayətində istehsal olunan oyuncaqlardan uzaq qaçmaq lazımdır. Məlumat verilir ki, məhz Hebeydə oyuncaqların hazırlanmasında sənaye məhsulları tullantılarından istifadə olunur. Bu isə o deməkdir ki, təhlükəli oyuncaqların həfədi hamımızın uşaqları ola bilərlər. Ona görə ki, Çin oyuncaq məhsulları ixracında liderliyi ələ keçirib. Təkcə ABŞ-a 5 milyard dollar məbləğində Çin oyuncaq məhsulları ixrac edilir. Avropada da vəziyyət eynidir. Rəsmi statiskaya görə, Avropa Birliyi ərazisində satılan hər 4 oyuncaqdan 3-ü Çin istehsalıdır! Amma avropalılar yaranmış vəziyyətdən məmnun deyillər. Avropa Komissiyasının mütəxəssisləri hesab edirlər ki, Çin oyuncaq məhsullarının böyük əksəriyyəti sağlamlıq üçün təhlükəlidir. Təhlükəli məhsullar barədə informasiyaların ümumiləşdirilməsilə məşğul olan təşkilatın –«Rapex»in saytında yerləşdirilmiş hesabatda uşaqların hansı zərərli maddələrlə üz-üzə qaldıqları məlum olur. Sən demə, şişman oyuncaq ayının içərisində nəyin olmasıyla maraqlanan körpə ciddi zədələnə bilər. Çünki oyuncağın «skeletinin» hazırlanmasında iti metal detallarından istifadə olunur. «Supermen» oyuncağının tərkibində zəhərli boya aşkar edilib. Rusiyalı mütəxəssislər də narahatdırlar. Onların da araşdırmalarına görə, Çində istehsal olunan oyuncaqların böyük əksəriyyəti gigeyenik normalara uyğun olmamaqla yanaşı, ətraf mühitə də təhlükə yaradır. Xüsusilə həddən artıq rəngli və tüklü oyuncaqların təhlükəli olduğu bildirilir. Sən demə, oyuncağın həddən artıq saçaqlı olması daha çox zəhərli komponentlərdən istifadə edilməsinə işarədir. Mütəxəssislər alınmış oyuncağı körpəyə verməmişdən əvvəl yumağı məsləhət görürlər. Əgər oyuncaq yuyulduqdan sonra rəngi solursa, demək kimyəvi maddələrlə zənginiymiş! Azərbaycanda da uşaq oyuncaqlarıyla bağlı yaranmış vəziyyət fərqlənmir. Ölkənin hər yerində mağaza rəflərində ancaq Çindən gətirilmiş oyuncaqlar üstünlük təşkil edir. Doğrudur, başqa ölkələrdən gətirilmiş oyunaqlara da rast gəlmək olar. Ancaq həmin oyuncaqların baha olması valideynləri daha ucuz məhsul axtarmağa vadar edir. Ucuz ətin isə, atalarımız demişkən, şorbası olmaz. İlk baxışdan həm ucuz, həm də gözəl görünən oyuncaq ayıcığaz körpənizin başını ağrıda və ya allergiyaya səbəb ola bilər. Bəs, nə etməli? Bu suala birmənalı cavab vermək çətindir. Çünki oyuncaq satan şəxsdən keyfiyyət standartı tələb etdikdə belə, yayındırıcı cavablar verməklə kifayətlənir. Keyfiyyat sertifikatını görmək xoşbəxtliyinə nail olan valideyn isə gigiyenik sahədə məlumatsız olması oyuncağın nə dərəcə də təhlükəli komponentlərdən hazırlanmasını müəyyənləşdirə bilmir. Amma Çin oyuncaqlarıyla bağlı sadalanan təhlükələr bununla yekunlaşmır. Araşdırmalara görə, Çində istehsal olunan süd tozu məhsulların 5 faizi nitrat tərkiblidir. Uşaq alt paltarlarını isə zəhərli kimyəvi komponentli parçalardan tikirlər. Belə çıxır, gələcəyimiz hər zaman təhlükə qarşısındadır. Buna görə də, əziz, valideynlər, oyunaq və ya uşaq paltarı alarkən ingilis atalarının dediklərinə əməl etmək məsləhətdir: Mən o qədər varlı deyiləm ki, ucuz mal alım.
E.Rza Baxış sayı: 879 |
Xəbərlər
Bloqlar |