Düzgün oyuncaq aldığınıza əminsinizmi?
Çərşənbə axşamı, 11 May 2010
![]() Oyuncaqsız uşağın inkişafını təsəvvür etmək çox çətindir. Məhz oyuncaqlar körpəyə hisslərini biruzə verməyə imkan verir, ətraf aləmi öyrənməyə şərait yaradır və özünə anlamağa kömək edir. Buna görə də, oyuncaq seçimində düzgün addım atmaq çox vacibdir. Təbii ki, düşünə bilərsiniz: oyuncaq alınması məsələsində diqqətli olmağa nə zərurət var? Uşaq üçün təki oyuncaq olsun. Yox, əzizlərimiz! Məsələ düşündüyünüz dərəcə də asan deyil. Oyuncaq seçimi kifayət qədər diqqət tələb edən prosesdir. Uşaqların oyuncaqlarla davranışlarını müşahidə edən mütəxəssislər belə nəticəyə gəliblər ki, oyuncaqları böyüklər yox, məhz uşaqların özləri seçməlidirlər. Pedaqoqların fikrincə, yalnız uşağın özü valideynləri tərəfindən alınmış çoxsaylı oyuncaqlar arasından özünə uyğun gələni seçmək qabiliyyətinə malikdir. Nəzərinizə çatdırmaq istəyirik ki, oyuncağın uşaq tərəfindən seçilməsi emosianal hisslə bağlıdır. Yəni böyüklər dost və ya hədiyyə seçərkən hansı hissləri keçirirlərsə, uşaqlar da oyuncaq seçərkən eyni hissi duyurlar. Deyə bilərsiniz: uşağa sevimli oyuncaq nəyə görə lazımdır? Əlbəttə, lazımdır. Uşağa elə oyuncaq lazımdır ki, məhəbbətini və qəzəbini ona yönəltsin, sevincini və məyusluğunu onunla bölüşsün. Məhz sevimli oyuncaq uşağa tənhalığını bölüşməyə, tək otaqda yatarkən qorxularını paylaşmağa imkan verir. Uşaq bəzən sevimli oyuncağına qəzəblənir, bəzən də əsəbiləşərək otağın güncünə atır. Amma bir az keçir, uşaq sakitləşir və sevimli oyuncağını bağrına basaraq əvvəlki şirin söhbətlərini aparır. Pedaqoqlar deyirlər ki, oyuncaqlar alarkən sadə üsula əməl olunmalıdır: oyuncaqları yığmaq yox, seçmək lazımdır. Müəyyən olunmuşdur ki, uşaqların oyuncağa baxışları böyüklərin baxışlarından xeyli fərqlənir. Böyük avtomat və yarımavtomat oyuncaqlar uşağın yaradıcı və emosional tələbatlarını ödəməyə imkan yaratmır. Uşağa elə oyuncaqlar lazımdır ki, təxəyyülünü inkişaf etdirməyə kömək etsin. Avtomat oyuncaqlar bu işə yaramır. Körpə uşaqlara oyuncaq alarkən bir sıra amilləri nəzərə almaq vacibdir. Elə oyuncaqlar seçilməlidir ki, onlar ilk növbədə körpənin hissiyyat orqanlarının inkişafına təsir göstərsin. Oyuncaqlar ilk növbədə yumşaq olmalı, uşağı rahatlıq gətirməlidir. Körpələrə elə oyuncaqlar seçilməlidir ki, dişləyə bilsinlər. Bundan başqa, oyuncaqların parlaq rəngdə olması da əhəmiyyətlidir. Daha yaxşı olardı ki, rəngli oyuncaq həm də səs çıxarsın. Bir yaşlı körpələr üçün 3-4 ədəd piramida formalı oyuncaqların alınması məqsədəuyğundur. Belə oyuncaqlarla körpə daha yaxşı yatır. Bundan başqa, belə oyuncaqlar körpələrdə səliqəlilik və müstəqillik kimi keyfiyyətlərin formalaşmasına şərait yaradır. Çox yaxşı olardı ki, bu yaşında körpənin mənzildə öz oyuncaq güşəsi olsun. Üç yaşında uşağın oyuncaq dəsti genişlənir. Parlaq, rəngarəng, dəqiq formalı oyuncaqlara sadə konstruksiyalı oyuncaqlar əlavə olunmalıdır. Belə konstruksiyalı oyuncaqları uşaqlar valideynlərilə birlikdə yığır və sadə əşyalardan maraqlı fiqurlar hazırlamaq mümkündür. Bu yaşında uşaq real həyat vəziyyətlərinə qarşı maraq göstərir və öyrənir ki, validyenləri ixtisas sahibdirlər və həyatda, o cümlədən iş prosesində problemlərlə qarşılaşırlar və onları həll etməyə çalışırlar. Buna görə də, uşaq oyun zamanı hər şeydən əvvəl həyatdan götürülmüş rolları-mühəndis, həkim və ya polis rollarını oynamağa çalışırlar. Bu yaşda oyuncaqların həcmi də böyük olmalıdırlar. Yadda saxlamaq lazımdır ki, uşağın real həyat vəziyyətlərilə maraqlanması onun inkişaf mərhələsində yeni emosiyaların yaranmasını və sosial adaptasiyasının başlanmasını sübut edir. Dilbər Baxış sayı: 1000 |
Xəbərlər
Bloqlar |